ULU ÖNDƏRİN ƏN YAXIN SİLAHDAŞI

Baxış Sayı:281

ULU ÖNDƏRİN ƏN YAXIN SİLAHDAŞIAzərbaycan xalqı cənab İlham Əliyevə ulu öndərin ən yaxın silahdaşı kimi etimad göstərdi. Heydər Əliyevin mənəvi-siyasi irsinin ən layiqli davamçısı, milli istiqlalımızın, inkişaf yolumuzun, azərbaycançılıq məfkurəsinin qarantı kimi ölkənin taleyini ona əmanət etdi. 2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruh gətirdi, müasir ideyalara təkan verərək inkişafa yol açdı.

Azərbaycan Respublikası Prezidentinin siyasi portretində diqqəti cəlb edən ən mühüm cəhət XXI əsrin liderinə məxsus bir sıra üstün mənəvi keyfiyyətlərin bu obrazda öz əksini tapmasıdır. Dünya onun simasında yeni əsrin yeni liderini görür və apardığı siyasəti böyük maraqla izləyir.
“Yeni minilliyin lideri necə olmalıdır” sualı bu gün bütün dünyanı düşündürür. Əsrlərin tarixi təcrübəsi liderlərin ümumi keyfiyyətləri haqqında indiyə qədər müəyyən təsəvvürlər formalaşdırıb. Ədəbiyyat, kino, təsviri incəsənət, heykəltəraşlıq bir sıra yaradıcılıq nümunələrində bu təsəvvürü ayrı-ayrı liderlərin surətində təcəssüm etdirib. Amma yeni dövrün mizanı ilə baxanda görürük ki, dünyada gedən dinamik dəyişikliklər siyasi liderlərin obrazında da yeni əlamətlər formalaşdırır, liderlər qarşısında yeni tələblər qoyur. Müasir dövrün xüsusiyyətləri klassik liderlikdən bir çox cəhətlərinə, keyfiyyətlərinə görə ciddi fərqlənən yeni liderlik institutunun formalaşmasını şərtləndirir. Düşüncə tərzinə, davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider qlobal səviyyədə dünyanı dəyişməyə qabil böyük bir şəxsiyyət olmalıdır.
Və etiraf edək ki, bu gün dünyada lider böhranının yaşanması da faktdır...
Yer üzündə getdikcə gərginləşən ziddiyyətlərin, milyonlarla insanın taleyinə təsir göstərən mübahisəli qərarların, ara verməyən müharibələrin əsas səbəblərindən biri, bəlkə, elə budur. Bununla belə, proseslərin, məsələlərə yanaşmaların, davranışların dərindən təhlili müasir dünyamızın da az sayda olsa belə öz əsl liderlərini formalaşdırdığını görürük. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də yeni dövrün lideri obrazının parlaq xüsusiyyətlərini öz şəxsiyyətində təcəssüm etdirdiyini bütün baxış bucaqlarından görüb fərqləndirmək olar. Möhkəm iradə, məğrurluq, qətiyyət, quruculuq, xilaskarlıq, qalibiyyət, xarizmatiklik, müdriklik... Bu nadir keyfiyyətlərin dövlət rəhbərinin siyasi portreti üçün xarakterik olması, onun simasında cəmləşməsi çox vacibdir.
Müasir dünyanın uğurlu liderlərindən biri kimi onun ən mühüm cəhətləri vətənpərvərliyi, qurucu şəxsiyyət olması, öz nəcib əməlləri ilə ortaya qoyduğu real nəticələrdir. Bütün bunlar ulu öndərdən əxz olunmuş müstəsna keyfiyyətlərdir. Heydər Əliyev də hələ Azərbaycana birinci rəhbərliyi dövründə məhz bu cəhətləri ilə, ölkənin hər tərəfində ucaltdığı binalarla, abadlaşdırdığı məkanlarla, yaratdığı maddi və mənəvi sərvətlərlə xalqın ümummilli lideri səviyyəsinə yüksəlmişdi. Müasir dövrün əsl liderdən tələb etdiyi əsas xüsusiyyət də məhz elə budur. Şəxsiyyətin özünü hər hansı miflərlə deyil, insanların həyatına fayda gətirən, cəmiyyət üçün müəyyən bir dəyər yaradan konkret işlərlə təqdim etməsi əsas şərtlərdəndir...
İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrü ölkənin həyatında bütün istiqamətlər üzrə yeni bir intibah dönəmidir.
O, Azərbaycan insanının həyatına müstəqilliyin bəhrələrini bəxş etmiş liderdir... Heydər Əliyevin irəli sürdüyü ideyaları, strateji vəzifələri əzmlə yerinə yetirərək qazanılmış nailiyyətləri hər bir Azərbaycan vətəndaşının gündəlik həyat və məişətinə gətirmiş bacarıqlı rəhbərdir...
ULU ÖNDƏRİN ƏN YAXIN SİLAHDAŞI
Cəmil Zəbhullaoğlu,
AJB-nin üzvü

Oxşar xəbərlər
SON XƏBƏRLƏR