Dinlə məni, dilim yanır, Yerdə yerim, göyüm yanır,

Baxış Sayı:360

Dinlə məni, dilim yanır, Yerdə yerim, göyüm yanır,Hörmətli dostlar! Bu yazını mən ötən il may ayının 6-da paylaşmışam. Bu elegiyanı sinif yoldaşım, uşaqlıq dostum, gənclik illərimin sirdaşı və bu yaşımın dərddaşı Zeynal Ağarza oğlu Zeynalovun əziz xatirəsinə həsr etmişdim. Bu günlərdə mərhum dostumun bibisi Almarə xanım da dünyasını dəyişdi. Bu acı xəbəri eşidən kimi yas mərasiminin keçirildiyi İsmayıllı rayonunun Basqal qəsəbəsinə yollandım. Hamı hüznlü görkəmdə idi. Əslində onları qınamaq da olmaz. Axı ciyərparələrinin ili hələ çıxmayıb. Bizdə belə də deyirlər: yas yasa qarışdı! Qohum-əqrəbalarına başsağlığı verəndə Zeynalın anası Manisə xala ilə də görüşdüm. O baxışlar məni varımdan yox elədi. İnanın, ikinci dəfə baxmağa cəsarət tapmadım özümdə. O baxışlar məni ittiham edirdi. İttiham edirdi ki, məni niyə tək qoymusunuz? Axı söz vermişdin ki, elə edəcəyəm Zeynalsız günlərin hiss edilməsin. Mən isə müəyən səbəblərdən o vaxtlardan bu yana öz doğma kəndimə, evimizə belə gedə bilməmişdim. Halbuki biz Zeynalla qapıbir qonşuyuq. Zəmanənin üzü qara olsun.
Hörmətli Manisə xala! Məni bağışla! Üzüm həqiqətən qara olsun. Əlacım bu yazını təkrar paylaşmağa çatdı. Ruhun şad olsun, əziz qardaşım! Başınız sağ olsun, Manisə xala, Kamran qardaşım, Mustafa qardaşım, Zeynalın bacıları, bibisi Zeynəb xanım, dayı uşaqları, bibisi oğlu Rüfət müəllim, əmisi uşaqları, xalalarının övladları.
Dost itkisi yaman olur..
Acı “yuxu”, yoxsa yaşanan gerçəklik?..
Yanğın düşmüş gur meşəyəm,
Çiliklənmiş bir şüşəyəm.
Boynubükük bənövşəyəm–
Gödək oldu ömrüm mənim...

Allah sənə rəhmət eləsin, Ənvər Rza! İllər öncə onun yazdığı bu bənd sinif yoldaşım Zeynal Ağarza oğlunun qəfil və vaxtsız ölümünün boyuna biçilmiş kəfən kimi başsız qoyub getdiyi ailəsini, dostlarını, iş yoldaşlarını, sadəcə, tanıyıb ən azı bircə dəfə salam verdiyi adamları necə də sızım-sızım sızıldadır... Eşitdiyimə görə, Ənvər Rzanın ən sonuncu şeiridir bu dörd misra. Moskvada xəstəxanada ölümündən bir-iki gün əvvəl yazıb. Cəmi-cümlətanı 47 il yaşaya bildi. Zeynal kimi vaxtsı-vədəsiz, qəfil getdi. Zeynal isə 53 il yaşadı... Evdəkilər də, çöldəkilər də (yəni biz dostları) bilirdilər ki, əlli üç yaşına çatana qədər bircə dəfə də olsun, ürəyinin ağrıdığını eşidən-bilən olmamışdı.
Zeynalın böyüklüyü onda idi ki, bircə dəfə onunla söhbət edən kimi, səni çəkib öz aləminə aparır, düşündüyün fikirləri əlindən alırdı. İndi də belə oldu. Mən onun qəfil ölümünə ürək ağrılarımı dilə gətirmək istədim, hardansa bu bənd yadıma düşdü və məni özümdən aldı. Həm də təsadüfə bax ki, bu yay istəyirdim ki, uşaqlıq dostlarımı toplayım, kənddə bir yerdə oturub dərdləşək. Elə aparıcılığı da Zeynala həvalə edək. Amma...
Orta məktəbdə oxuyanda Zeynal sinfimizin gözü idi. Həm nümunəvi tərbiyəsi, həm çalışqanlığı, həm də istedadı ilə hamıdan seçilirdi. Sinifdəkilərlə hərəyə özünə məxsus zarafatı vardı onun. Özü də o zarafatı elə şirin, elə ürəkdən edərdi ki, gülüşməkdən başqa əlacımız qalmazdı. Ən qəmli günlərimizdə hamını elə dindirər, elə ələ alardı ki...
Hansını deyim, Zeynal, hansı sözünü ayırıb misal çəkim? Hər sözün, hər kəlmən, hər baxışın, duruşun qəlbimizin başını göyüm-göyüm göynədir indi. Allah sənə insaf verəydi, kaş tanımayaydıq bir-birimizi. Ay etibarsız, adamı bu qədər yandırıb-yaxan biqafıl ölümü hardan tapdın? Hardan??? Neyləyək indi, Zeynal? Sənsiz dəstəmizin səfi də pozuldu. Sənsiz yediyimiz-içdiyimizin tamı da qaçdı. Günlərimiz mənasızlaşdı, dostlarımız fağırlaşdı artıq. Neçə gündür yoxsan, sənsiz heç nəyə adamın əli gəlmir. Canından-qanından artıq sevdiyin övladlarını, nəfəs aldığın atanın əmanət qoyub getdiyi anan Manisə xalanı, hər an qayğısını çəkdiyin vəfalı ömür-gün yoldaşını, hər an problemlərinin yanında olan qardaşların Kamranla Mustafanı, başına pərvanə kimi fırlanan xalalarını, bibilərini, bacıların Rəna və Nəzakəti, qayğını çəkmək istəyən iş yoldaşlarını, yanlarında hər an rahatlıq tapdığın, balaca fürsət düşən kimi öz zarafatlarına qonaq etdiyin biz dostlarını niyə belə boynubükük qoyub getdin?
Artıq neçə gündür duzlu-məzəli sözlərindən ötrü burnumuzun ucu göynəyir. Bütün gün sözümüzün əvvəli də sənsən, sonu da. Vallah, səndən sonra bir yerə yığışa da bilməyəcəyik. Bir-birimizə zəng etməyə əlimiz də gəlməyəcək. Sanki hamı sənin zəngini gözləyəcək. Səndən isə səs-səmir yoxdur...
Küsülülüyü sevmirdi. Nə özü küsülü qalırdı, nə də kimsə ondan. Deyirdi ki, beş günlük dünyadır, Allah bu ömrü bizə verib yaşamaq üçün, küsülü qalmaq üçün yox! İnsanların mehribanlığını istəyirdi. İnsanların qəlbinə yol açmağa çalışırdı və çox vaxt da nail olurdu…
Uşaqlıq dövrünün xatirələrindən: “Bir dəfə dərsdən evə gəlirdik. Məktəbin dalaşqan uşaqlarından bir neçəsi qaranlığa salıb bizimlə savaşmaq, güclərini göstərmək istəyirdi. Səbəbi də o idi ki, biz yaxşı oxuyurduq, onlara da kömək etməliydik. Bəli, bizi küncə çəkən o uşaqlar “razborka” aparmaq istədilər. Elə bu dəmdə qonşumuz bizdən 1-2 yaş böyük Xudayar (Allah ruhunu şad eləsin) özünü yetirdi. Üçümüz də onların cavabını verdik. Bu söhbətdən sonra daha heç kəsin bizimlə işi olmadı. Səhəri gün münasibətlərimizdə heç bir gərginlik olmadı. Bu söhbətdən sonra biz üçümüz də möhkəm dostlaşdıq. Cəmi bir neçə gün sonra isə dərsdən evə yenə birlikdə gəldik. Bəzi günlər isə mən onların evinə, onlar da bizim evə gəlir və birlikdə vaxt keçirirdik. Beləcə, aramızda ünsiyyət daha da artdı və bir qədər sonra özümüz də fərq etmədən bu münasibət üçlüyün dostluğa çevrildi. Ancaq bu dostlaşmaqdan qabaq hər üçümüzün artıq dalaşmağa nifrətimiz yaranmağa başlamışdı... Bəlkə də müəllimlərin hamıdan çox onu tərifləməsi həmin uşaqlarda qısqanclıq yaradır, onun hətta uşaqcasına paxıllığını çəkirdi, bilmirəm. Ancaq onun üçün qısa müddətdə baş verən bu dəyişikliyin, əslində başqa izahı da yox idi.
İllər sonra bütün bunlar barəsində sakit mülahizə yürütmək, yaşanan psixoloji vəziyyətləri nəzərə almadan, hər şeyi sadə məntiqin dili ilə izah etmək bəlkə də asandır. Ancaq vəziyyətin dəqiq qiymətləndirilməsində məntiqin həmişə köməyə çatdığını güman etmirəm. Bizim ona qarşı əvvəl xoş, bir qədər sonra isə tamamilə əks münasibətimizin yaranmasında özünün heç bir iştirakı, hətta xəbəri yox idi. Bəs bu bir-birinə daban-dabana zidd proseslərin baş verməsini necə izah etmək olardı? Təbii ki, burada məntiq axtarmaq faydasızdır. Yaxşısı budur ki, baş verənləri uşaq ağlının nəticəsi kimi qəbul etməklə kifayətlənək.
Bizim dostluğumuz aydan-aya deyil, gündən-günə möhkəmlənirdi. Artıq ailələrimizə daha tez-tez gedib-gəlir, saatlarla bir yerdə vaxt keçirirdik. Etiraf edim ki, əksər məsələdə Zeynal özünü daha təcrübəli, bacarıqlı göstərir, ancaq bunu elə etməyə calışırdı ki, mənim xətrimə dəyməsin. Həm dərslərini çatdırmağı, həm də evdə təsərrüfat işlərinə əl tutmağı necə bacarması isə məni daha çox təəccübləndirirdi. Bizimlə müqayisədə onların təsərrüfatları çox geniş idi. Həm mal-qara saxlamaqla, hərdən də həyətdə bostan-tərəvəz becərməklə məşğul olurdular. Atası Ağarza dayı zəhmətkeş olduğundan, onları körpəliyindən əməyə alışdırmışdı. Özündən kiçik qardaşlarını da daim nə işləsə məşğul görərdin.
Onun atasını bütün kənddə tanıyır və hörmət edirdilər. Onu tanıdan və uşaqlı-böyüklü hamının rəğbətini qazandıran səbəblərdən biri də çalışdığı toxuculuq sexində hazırladığı növbənöv kələğayılar idi. Uzun illər ömrünü həsr etdiyi bu sahədə elə bir işçi yox idi ki, ondan bəhrələnməsin, bu sənətin sirlərini öyrənməsin. Ağarza dayı insanların bu istəyini məmnuniyyətlə yerinə yetirir, kələğayını toxumaq barədə onlara usanmadan məsləhətlər verirdi. Həqiqi zəhmətkeş, sadə insan olan dostumun atasının boş dayandığını görmədim. Övladları da bu cür böyümüşdülər. Heç bir çətinlikdən qorxmayan, hər işi bacaran, qürurlu və təmkinli. Onların həyətləri tamam başqa bir aləm idi. Buradakı səliqə-sahman, cərgə ilə əkilmiş gül kolları, ağaclar... bütün bunlarla birmərtəbəli evlərinə verən xüsusi yaraşıq adamın gözünü oxşayırdı.
Zeynalın atası sadə, sözübütöv, dəqiq adam olduğundan övladlarından da bunu tələb edir, onların layiqli insanlar kimi yetişmələri üçün əlindən gələni əsirgəmirdi. Böyük ailəni dolandırmaq, uşaqlarına yaxşı təhsil vermək üçün hər cür əziyyətə qatlaşır, ancaq bir dəfə də bunu dilinə gətirmirdi. İşinin başından aşmasına baxmayaraq, bütün valideyn iclaslarına qatılan bu insanı məktəbin şagirdləri də yaxşı tanıyırdılar. Orta boylu və bədənli, ancaq çevik və qüvvətli adam idi. Xalq arasında belələrinə “qayış kimidir”, deyirlər.
Dostumun anası Manisə xala da sadəliyinə, zəhmətsevərliyinə görə ərindən geri qalmırdı. Həlim xasiyyətli, ağzıdualı bir xanımdır. Az danışan, sözünün yerini bilən, ancaq ürəyi dolu, sözü-sözdən seçən insandır. Nə demək istədiyini dərhal başa düşdüyündən heç vaxt başqasının sözünü kəsməyib. Bütün analar kimi, övladlarını çox istəsə də, onları ərköyün böyütməyib, valideynlərin bir sözünü iki etmələrinə yol verməyib.
Hər dəfə qapılarını açanda az qala eyni mənzərənin şahidi olurdun. Həyətdə nə işləsə məşğul olan bu gülərüz, mehriban insanlar adamı dərhal evə dəvət edir, utanmağa, narahatlıq keçirməyə imkan vermirdilər.
“Orada dayanma, sən yuxarı çıx, bir stəkan çay içincə, dostun da gələr”, deyir, bir az keçməmiş dostumu tapşırılmış işdən tam azad edirdilər. Mən bütün bunların nə qədər səmimiyyətlə edildiyini, Zeynalın yarımçıq qoyduğu işlərin özündən yaşca kiçik qardaşı, yaxud atası tərəfindən davam etdiriləcəyini görüb, yaxud bu barədə düşünüb xəcalət çəkirdim. Belə vaxtlarda tez çıxıb getmək istəsəm də, mümkün olmurdu. Dostumun anası:
- A bala, bir stəkan çay içməmiş hara gedirsən,- deyib məni zorla saxlayırdı. Bu sözün ağzından çıxması ilə dostumun bacılarından birinin əlində 2 fincan çay içəri girməsi bir olurdu...”
***
Bir hadisəni heç vaxt unuda bilməyəcəyəm: səni hər zaman şux, zarafatcıl, deyib-gülən görmüşük. Amma bir dəfə... Bir neçə il əvvəl xəstəxanada yanına gəlmişdim. Qəfil gəlişim səni həm diksindirmişdi, həm də o qədər sevindirmişdi ki… Bacım oğlu Eminlə gəlmişdik. Onunla elə maraqlı, şirin söhbət etdin ki, ağrı-acılarını da unutdun, özünü də , məni də. Sənin fəlsəfi fikirlərin hamını heyran edirdi.
Sənin yanında olduğumu unutmuşdun, Zeynal. Bir də baxdım ki, hər zaman gülümsər sifətindən göz yaşları yuvarlanır. Sən də duyğulanmışdın... Nə isə, Zeynal, bu hal da mənə bir dağ oldu. Hər səni xatırlayanda qəlbimi göynədəcək bir dağ...
Zeynal iki həyat yaşayırdı: biri şən, zarafatcıl, deyib-gülən, dostlarına zarafatdan çələng hörən, hamıyla məzələnən: ikincisi qəddar zəmanənin girdabında çabalayan, iztirabla, əsəblə, bəzi dost-tanışlarının etibarsızlığı ilə üzləşən. Bu ikinci həyat onu çox sıxırdı, amma büruzə vermirdi. Qəlbi o qədər işıqlıydı ki, bütün insanların qəlbini işıqlandırmağa bəs edərdi. Günəş kimi səxavətliydi. Günəşin hər zərrəsindən insanlara pay düşər, Zeynalın imkanı olsaydı, millətinin hər bir nəfərinə ehtiyacını ödəyəcək qədər əl tutardı. Cibindəki ən son manatını da xərcləməyə can atırdı. Vaxtilə zəhməti hesabına əli babat gətirirmiş. Onda da qazandığını ailəsinə, dostlarına, yemək-içməyə xərcləyərmiş. “Qara gün” üçün nəsə artırıb saxlamayıb. Bu zəmanədə “qara günlər” isə çoxuymuş, lap çox...
Xoşlamadığı adamla zarafat etməzdi… Bu gülüşlərin, zarafatların, atmacaların dostlarının gündəlik söhbətlərinin mayasıdır. Hamı sanki bir çəkisizlik dünyasına, qəm səltənətinə düşüb. Baxışlar qəmli, sifətlər mükəddər... sanki hamımız sənin qəfil qayıdışını gözləyirik. Amma burası da mütləq həqiqətdir ki, bu mümkün olan deyil. Nə qədər özümüzü aldatsaq da! Yavaş-yavaş biz sənin yanına gələcəyik. Bu isə mütləqdir. Çünki bəşər övladı bu dünyada müvəqqətidir, əbədiyyət orada – sənin yanındadır. Gözlə bizi, Zeynal, gözlə, sənin üçün nə qədər çətin olsa da, gözlə, hökmən görüşəcəyik! Bəlkə də bizdən qabağa düşmüsən ki, bizlərə orada bələdçilik eləyəsən, qarşılayıb yerbəyer edəsən, inkir-minkirdən xahiş edib günahlarımızı bağışlatdırasan? Nə bilmək olur?.. Hələlik... Hələliksə, bizi bağışla, səni qoruya bilmədik...
***
İnsanın həyatında ən ağır dərd ən yaxın adamını itirməkdi. Ata itkisi, ana itkisi, bala itkisi, dost itkisi, ömür yoldaşının itkisi. Bu itkilərin hər biri ürəkdə şırnaq açır, illər keçdikcə içində bir yara kimi yaşayır. Bəlkə də çoxumuz bu itkiləri soyuqqanlıqla qarşılayır, özümüzü şax tutub unutmağa çalışırıq. Çünki qarşıda gələcək var, həyat davam edir. Amma sənin həyatının mənasına, sənin duyğularının məhrəmliyinə çevrilən bir insan itkisi illər keçdikcə unudulmursa, deməli, o insan sənin üçün ölmür, o, canlıdır, diridir və səni də yaşadır.
Səndən sonra ölmədim,
Ölmədim, yaşayıram.
Sənsizliyi qəlbimdə,
Yük kimi daşıyıram.
Çox gözləsəm də onu,
Yaxın gəlmədi ölüm.
Yaxasından tutmağa,
Uzalı qaldı əlim.
Yaşamaqmı, nə bilim,
Ömrüm çiçək ömrüdü.
Hər gün ölüb dirildim,
Bu, kəpənək ömrüdü.

İtkini necə də poetik incəliklə verib. Axı, kəpənəklər ən az ömür yaşayan canlıdırlar. Həyat yoldaşını hər gün anmaq da bu kəpənək ömrü ilə qiyas edilir. Xalq arasında "hər gün ölüb-dirilirəm" ifadəsi də burada öz poetik həllini tapıb. Mən deyərdim, yaradıcılığından sitat gətirdiyim Arzu Nehrəmlinin poetik axtarışları, sözlərə can vermək üçün seçdiyi bədii təsvir vasitələri onun məhz bu "itkili" şeirlərində üzə çıxır. Üzünü fələyə tutub deyir ki, "min il dərd dinləmiş qoca palıdtək, İkiyə qatlayıb bükdün Arzunu". Onun məzar daşı ilə söhbəti unudulmamağın faciəsidir. V elə bilirəm ki, Arzu xanım bu bəndi sənin üçün yazmayıb. Amma sən yaşda dünyasını dəyişənlərə şamil etmək olar.
Dinlə məni, dilim yanır,
Yerdə yerim, göyüm yanır,
Bax, arxamca, elim yanır,
Bəsdi qoydun yaslı məni.
Çək üstündən bu sal daşı,
Al qoynuna, bəslə məni.

***
İndi haqq dünyasındasan. Biz dostların arxayınıq ki, bu dünyada qazandığın savabların hesabına behiştdəsən. Bilirəm ki, bu keşməkeşli dünyamızdan da nigaran getmisən. Bizimlə bərabər, itirilən torpaqlarımızın nisgilini sən də yaşayırdın. Bilirəm ki, uşaqlarından, ailəndən nigaransan. Nigaran olma: tərbiyəli, cəmiyyət üçün ləyaqətli övladlar böyütmüsən. Səndən sonra qardaşların Kamranla Mustafa onların bütün yükünü öz üzərinə götürüb. Sənin öz adına layiq əza məclisləri qurublar. Bütün dost-tanışların, qohum-əqraban, iş yoldaşların da dərddən beli bükülmüş Kamranın, Mustafanın əhatəsindədilər. Ona görə də nigaran qalma, ən azı biz dostların hər an onları tək qoymamağa söz vermişik.
Və sonda. Məclisində qardaşın Kamran dedi ki, böyük övladın institutda oxuyur, kiçik isə orta məktəbin sonuncu sinfində. O da ali məktəbə hazırlaşır. Sənin şərəfli yolunu davam etdirmək üçün. Qardaş, bu işdə sənin qardaşlarına da, övladlarına da dəstək durmağa hazıram. Axı onlar mənim əziz qardaşımın – Sənin doğmalarındır, bizim əzizlərimizdir.
Bu da son.... Sonumuzu sayırıq, sonuncumuzun is kim olacağını kimsə bilməz, Tanrımızdan savayı. Əsas odur ki, əzəli olumlu, sonu ölümlü dünyada yaşayasan, yaşadığını, gərəkli olduğunu bilələr və müvəqqəti dünyadan köç edəndə arxanca həsrətlə baxıb, köks ötürənin, hayıf... – deyənin olsun! Yerin behişt, ruhun şad olsun, qardaş, rahat yat...
Bu da acı bir “yuxu”...
Dostların adından,
Daşdəmir ƏJDƏROĞLU

Oxşar xəbərlər
SON XƏBƏRLƏR