Azərbaycan ilə Fransa arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Baxış Sayı:79

Azərbaycan ilə Fransa arasında əməkdaşlıq məsələləri müzakirə olunubBakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Fransanın ölkəmizdəki səfiri Zakari Qros ilə görüşüb.


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov ikitərəfli münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, ölkələrimiz arasında Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərindən başlayaraq əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Yüksək səviyyəli səfərlər də daxil olmaqla, iki ölkə arasında müxtəlif sahələr üzrə mövcud mübadilə və təmasların qarşılıqlı faydalı əlaqələrimizin daha da genişlənməsinə böyük töhfə verdiyi qeyd olunub.

Səfir Zakari Qros Fransanın Avropa və Xarici İşlər naziri Jan İv Lö Drianın səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. O, Fransanın Avropa və Xarici İşlər nazirinin azərbaycanlı həmkarını Parisə rəsmi səfərə dəvət etdiyini bildirib.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, ticarət, humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar. Söhbət zamanı Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, iqtisadi sahədə mövcud potensialdan tam istifadə olunması, o cümlədən Hökumətlərarası İqtisadi Komissiyanın fəaliyyətinin əhəmiyyəti, eləcə də təhsil sahəsindəki uğurlu əməkdaşlığın Fransa-Azərbaycan Universiteti (UFAZ) timsalında uğurlu nümunəsi qeyd olunaraq, bu xüsusda əlaqələrin gələcəkdə daha da genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Nazir Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Fransa səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Münaqişənin həlli üzrə danışıqlar prosesinin Ermənistan tərəfinin nümayiş etdirdiyi son dərəcə təxribatçı və məsuliyyətsiz davranış səbəbindən dalana dirəndiyi qeyd olunub. Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alovlanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsi təəssüflə vurğulanıb. İşğalçı Ermənistan ilə əraziləri 30 ilə yaxındır işğal altında saxlanılan Azərbaycana tarazlı mövqe nümayiş etdirilməsinin düzgün olmadığı bildirilib. Həmçinin son zamanlar Ermənistanın geniş şəkildə silahlanması bu ölkənin yeni təxribatlarda maraqlı olmasının göstəricisi kimi vurğulanıb.

Səfir Zakari Qros Fransanın bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu vurğulayaraq, münaqişənin həlli üzrə danışıqlarda irəliləyişin əldə olunmamasından ölkəsinin də narazı qaldığını qeyd edib.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR