Hər ömür bir nəğmədir…

Baxış Sayı:521

Hər ömür bir nəğmədir…Birisindən soruşurlar:
– Qardaşın necə adamdır?
Cavab verib deyir:
– Yoldaş olmamışam.
Doğrudan da çox böyük hikmətdir. Yoldaş olmayınca qardaş da qardaşı yaxşı tanıya bilməz. Əmək prosesi, birgə işləmək də belədir. Onda adam adamı daha hərtərəfli, nisbətən dolğun tanıya bilir.

***

O yazardır... Acı taleləri, haqsızlığı, çarəsizliyi, insan başına gələn müsibətləri ürəyindən keçirib özünə silah seçdiyi qələmi ilə təsvir edən yazar... Yazdıqları ilə düzgün yol göstərən, mərdlik nümunəsini yalnız insanın özündə axtarmağın vacibliyini söyləyən yazar...
Nəyin bahasına olursa-olsun, ürəyinin hökm etdiyini yazan və oxucuya çatdırmaq arzusunu gerçəkləşdirən istedadlı qələm sahibi... Keçmişi gələcəkdə, gələcəyi keçmişdə axtaran, onların möhkəm iplərlə bağlı olduğunu həyati misallarla təsdiqləyən qələm sahibi... Qələmindən çıxmış hər bir yaradıcılıq nümunəsi onun ürəyindəkilərinin özünəməxsus tərzdə təzahürüdür. Amma hər şeyi ürəkdə olduğu kimi kağıza köçürmək mümkün deyil. Ürəkdə həmişə mütləq nəsə qalır və onun mənəvi rahatlığına qovuşmasına mane olur. O, təkcə özünü ifadə etməməli, mənim, sənin, bizim - minlərlə oxucunun qəlbindən keçənləri yazıçı dili ilə oxucuya çatdırmalıdır.
Söhbət “Qarabağ” və “Azərbaycan” qəzetlərinin əməkdaşı, istedadlı yazar, jurnalist, gözəl xasiyyətli xanım Zəkurə Quliyevadan gedir. Zəkurə xanımın yaradıcılığı da özü kimi olduqca genişsahəli, çoxmövzulu və əhatəlidir. Azərbaycan milli mətbuatının qabaqcıl ənənələrinin qorunub saxlanılmasına hər vəchlə çalışan Z.Quliyeva əlinə qələm götürdüyü ilk günlərdən indiyədək özünün maraqlı, məzmunlu yazıları ilə yadda qalıb, milli mətbu ənənələrinin zənginləşdirilməsinə çalışıb, haqsızlığı, ictimai bərabərsizliyi, Qarabağın 7 rayonunu işğal edən ermənilərin vəhşiliyini, qəddarlığını, onların havadarlarının ikiüzlülüyünü ustalıqla ifşa edib, bizləri yaxın keçmişə qaytarmağa sövq edən qiymətli məqalələr yazıb. Onun Vətən sevgisini izhar edən, zamanın ictimai-siyasi hadisələrindən söz açan, haqsızlıqdan, ədalətsizlikdən gileylənən, ata qayğısını, ana məhəbbətini ifadə edən, cavanlıqdan, yaşlı nəsil siyahısına düşən ömrün bütün fəsillərindən bəhs edən müxtəlif janrlı yazıları çağdaş jurnalistikamızın dəyərli nümunələrindəndir desəm, yəqin ki, səhv etmiş olmaram.Uğurlu mövzu seçimi ilə yanaşı, Zəkurə xanımın yazılarını oxunaqlı edən başqa bir məqam onun maraqlı üslubu, dəqiq müşahidələrini və gördüklərini oxucuya təsirli şəkildə çatdırmaq bacarığıdır. Məhz bu məziyyətlər insanı həyata baxış bucağını dəyişdirməyə, kapitalın təsirindən çıxıb əcdadlarımızın hər zaman böyük önəm verdiyi, bizə miras qoyduğu bulaq suyu kimi şəffaf mənəvi-əxlaqi dəyərlər, onların münasibətlərdə vacibliyi barədə düşünməyə vadar edir. 30 il müddətində tanıdığım, dostluq etdiyim, bu günlərdə ad günü olan bu xanımın həyat və yaradıcılığı o qədər rəngarəng, zəngin və çoxşaxəlidir ki, bilmirəm nədən və haradan başlayım. Fikirləşdim ki, lap əvvəldən başlasam, daha yaxşı və anlaşılan olar. Həm də onu çatdığı məqama, yüksəldiyi zirvəyə gətirib çıxaran enişli-yoxuşlu, daşlı-qayalı yolları qısa da olsa, göstərmək, ona yol yoldaşlığı etmək mümkün olar.
“Qarabağ” qəzetində müxbir, “Azərbaycan” qəzetində isə korrektor (Son vaxtlar bu peşə haqqında kim ağlına və ağzına nə gəldi danışır. Amma mənim özüm də bir vaxtlar korrektor işləmişəm və bundan şərəf duymuşam. Çünki əlində qələm sıravi alimlərdən tutmuş akademiklərədək, sadə əmək adamından icra hakimiyyətinin başçısınadək hamının yazılarına əl gəzdirirsənsə, deməli, sən heç də əskik işdə işləmirsən.) işləsə də, mən onu yazar – müxbir kimi təqdim etmək istəyirəm. Çünki jurnalistika ixtisasdır, məktəbi var. Jurnalistin əsas fəaliyyəti cəmiyyətdə baş verən hadisələri araşdırıb, öz yazılarında əks etdirmək, ictimaiyyəti məlumatlandırmaqdır. Bu həm də daha çox istedadla bağlıdır…
Jurnalistikada belə bir şərt var: ictimaiyyət üçün qələmə alınan yazılar fərqli olmalıdır. Daha doğrusu, jurnalist xalqın dilində danışmağı bacarmalı, həyatı əks etdirən, insanları düşündürən yazıları ilə özünü təsdiq etməlidir. Mütaliə, dünya görüşü, savad, təfəkkür qələm sahibinin yaradıcılığında mühüm rol oynasa da, səmimiyyət, sadəlik onun yazı tərzini müəyyənləşdirən ən vacib şərtlərdəndir. Səmimi olmayan yazarın qələmi uğurlu ola bilməz. Əslində əsl qələm sahibi ruhu oxşamağı, sehrli dili ilə insanları ovsunlamağı, inandırmağı bacarmalıdır… Və sevindirici haldır ki, haqqında yazdığım Zəkurə xanım da bu sadaladıqlarımı bilir və öhdəsindən gəlir.
Zəkurə Qüdrətqızı imzası ilə hərdən çıxış edən bu xanım zəhməti, əziyyəti, əsəbi, qələmi, gecə-gündüz çalışmağı hesabına çox şeyə nail olub. Xeyirxahlığı, təvazökarlığı, işgüzarlığı, gözəl ailəsi ilə başqalarına nümunə olub. Sevincini dostları ilə bölüşüb, dərdini, kədərini, nisgilini, ağrı-acısını içində yaşadıb. Həyat çox halda üzünə gülməsə də, o, gülməyi, dostlarının sevincinə sevinməyi bacarıb. İmkanları geniş olub, müxtəlif vəzifələrdə çalışan qohumları, dostları var. Amma heç vaxt, heç kəsə öz işi üçün ağız açmayıb. Ailənin ruzisi onun qələmindən çıxıb.
Zəkurə Quliyeva Qarabağın şah damarı olan Ağdam rayonunda dünyaya göz açıb. Orada böyüyüb, orta təhsil alıb. Təhsilini davam etdirəndən sonra yenidən rayona qayıdan Zəkurə xanım orada çalışıb. Sonra isə taleyini mətbuata bağlayıb. Və “Qarabağ” qəzetində yazdıqca qələmi də püxtələşib.
“Yurda xəbər elə” onun ilk kitabıdır (Davamı gəlsin!). Bu kitab dünyaya, insanların ürəyinə işıq saçmaq, bəşəri oyatmaq, qaranlıqları dağıtmaq qüdrətinə malikdir. Bu kitab insanların dünyaya açıq gözlə baxmasına kömək edir, Qarabağa qayıtmaq həsrətində olan yurddaşlarını oraya səsləyir. İşıqlı söz, işıqlı adam, işıqlı qələm--bütün bu ifadələr məhz maarifçiliyin rəmzidir. Maarifçi olmağın xüsusi zamanı və janrı yoxdur. Təbii ki, hər dövrün öz tələbi var, amma maarifçilik həmişə aktual və vacibdir. Zəkurə Quliyevanın ömür yolu da, yaradıcılığı da məhz mənəvi dünyamızın bu sarı simi üstündə köklənib.
Onun qəlbinə iki hiss hakimdir: ağrı və məhəbbət. Bu ağrı insan iztirablarının jurnalist qəlbində doğurduğu ağrıdır. Zəkurə xanım başqasının dərdini, ağrısını daim öz ürəyindən keçirib, ona şərik olub. Bəzən də bu ağrı onu öz ağrısından da artıq incidib, narahat edib, ürəyini qanadıb. Onun tərənnüm etdiyi məhəbbət də bəşəri məhəbbətdir. Bu məhəbbət həyata, həyatda işıqlı nə varsa-- Vətənə, xalqa, təbiətə, boynubükük bir bənövşəyə, tənha bir çinara olan məhəbbətdir
4-5 il Aqdamdakı ata -baba evində ermənilərin Alazan raketləri altında yaşayan, qohumlarından necə adamı şəhid verən, köckünlük həyatının bütün ağırlığını çiynlərində daşıyan Zəkurə Quliyevanın bu gün tək bir arzusu var :Qarabağa qayıtmaq! Doğmaca evinin külünün üstündə bir çadır qurub, həsrətsiz yaşamaq!
Onunla çiyin-çiyinə işləyən həmkarları, imzasını daim izləyən pərəstişkarları, qələm dostları həmişə bir fikri qətiyyətlə vurğulayırlar ki, Zəkurə Quliyevanın yaradıcılığı gənc həmkarları üçün bir məktəbdir. Həqiqətən də, işgüzarlığı, mətbuatın ənənələrinə və ideyalarına sadiqliyi, təvazökarlığı ilə seçilən, həmişə mənəvi zənginliyi ilə fərqlənən, etibarlılığı ilə sevilən bu xasiyyəti qızıl olan xanım ömrünün bu yaşında da özünün ucalıq taxtında ləyaqətlə əyləşib. Ondan öyrənməli cəhətlər çoxdur. Təəssübkeş vətəndaş, xeyirxah insan və üstə gəl fədakar qadın! Hünəri, qələmi ilə işığa dönüb yolumuza nur saçan Zəkurə Quliyeva, biz sizi çox istəyirik. Yeni yaşın mübarək!

Daşdəmir ƏJDƏROĞLU

Oxşar xəbərlər
SON XƏBƏRLƏR