VƏTƏNİN VƏTƏNSİZLƏRİ - FOTOLAR
Elə şeylər var ki, insanın həyatında onları heç nə ilə əvəz etmək mümkün deyil! Vətən kimi!.. Yem dalınca uzaq məsafələr qət edən quş axşam düşəndə adi quru otlardan toxuduğu yuvasına qayıdır, burada özünə rahatlıq tapır, nəsil artırır. İnsan da belədir. O, vəzifə pillələrində yüksələ, ömrünün müəyyən illərini hansısa bir səbəbdən yaxın-uzaq məmləkətlərdə keçirə bilər. Ancaq harada olmasına baxmayaraq, insan dünyaya göz açdığı, böyüyüb boya-başa çatdığı, əcdadlarının ruhu dolaşan Vətənə can atır.
İnsan əzəli və əbədi rahatlığını yalnız doğma Vətənində, göz açdığı yurdunda tapır. Dünyada sərvəti, iqtisadi gücü, görməli yerləri, iri şəhərləri, məşhur abidələri ilə şöhrət tapan məmləkətlərin sayı çoxdur. Fransanın paytaxtı Eyfel qülləsini, Luvr muzeyini, Misir piramidalarını, Çin səddini, Italiya şəhərlərinin qədim məhəllələrini görməyi, Türkiyənin Antalya kurortlarında dincəlməyi, Rusiya çöllərində qış idman növlərinin ləzzətini dadmağı kim arzulamır? Ancaq ayrı-ayrı ölkələrin, şəhərlərin gözəllikləri nə qədər cazibədar olsa da, Vətəni əvəz edə bilməz. Vətən elə Vətəndir! Biz o yerlərə dünyagörüşümüzü genişləndirmək, müxtəlif mədəniyyətlərlə tanış olmaq üçün can atırıq. Müəyyən müddət qaldıqdan sonra qərib məmləkətlərin gözəllikləri, rahatlıqları belə adamı sıxır. Qəlbimizdə Vətənə bağlılıq isə əbədi və dəyişməzdir. Mən Vətənsiz insanı qəfəsə salınmış quşa bənzədirəm. Bülbül qəfəsdə susur, şirin nəğmələr oxumur, qəm-qüssədən saralıb-solur. Vətənsiz insan da belədir. Vətən yoxdursa, geniş dünya ona dar gəlir, özünə yer tapa bilmir, daim nisgil, xiffət içində yaşayır.
Uzun illərin dostu Dönməz Abasov (Zəngilanlı) da Qarabağ müharibəsi başlayandan Vətənsiz qalmışdı. Onda onun 17 yaşı var idi. Bu gün isə 46 yaşının içindədir. 46 illik ömrünün demək olar ki, 30 ilini yurdundan uzaqlarda, baş paytaxtımız Bakıda yaşayıb, dövrün sürüb, çalışıb, yaradıb. Qanından, canından, iliyindən Zəngilan axır. Söhbətlərində o yerlər üçün möhkəm darıxdığını dəfələrlə dilə gətirən Dönməz bu yerlər üçün qəribsədiyini, uşaqlıq illərinin qayğısız zaman məkanını burada keçirdiyini nostalji hisslərlə xatırlayırdı. Deyirdi ki, Zəngilan düşmən tapdağından tənizləndikdən və burada həyat öz axarına düşəndən sonra Qıraq Müşlana gedəcəyini, ömrünün qalan hissəsini atasının görə bilmədiyi bu məkanda yaşayacağını bildirirdi. Amma hələliksə bu yerləri – erməni işğalından azad edilmiş bu cənnətməkan guşəni görmək qismət olmamışdı. Nəhayət, 30 ildən sonra iyulun əvvəlində bu istəyi, arzusu reallaşdı. Başda anası olmaqla ailə birlikdə müqəddəs yerləri ziyarət etdi. Onun bir gün ərzində yaşadıqlarını, keçirdiyi hissləri, Vətənin onun üçün nə demək olduğunu başa düşmək olar.
Əzəli torpaqlarımız olan Dağlıq Qarabağda fitnə-fəsada əl atan ermənilər bu tarixi torpaqlarımızı işğal edərək soydaşlarımızı doğma ev-eşiklərindən didərgin salmışdılar. Həmin insanların çoxusu, ələlxüsus da yaşlı nəslin nümayəndələri Vətənsizlik dərdinə dözməyərək dünyalarını dəyişdilər. Qeyd etdiyim kimi, Dönməzin də atası Vətən, Zəngialn deyə-deyə həsrətli bu dünyadan köçdü.
Tez-tez kəndlərini yuxuda görürdü. Şirin xəyallar onu Qıraq Muşlağa aparırdı. Sanki heç nə dəyişməyib. O təbiət, o yaşıllıq, o hava, şırıltı ilə axan o çaylar... Hamısı yerindədir. Bircə evlərindən başqa. Ümumiyyətlə, yaşayış evləri xarabazarlığa çevrilib. Uşaqlığı, ilk gəncliyi keçən göy çəmənlər, yamyaşıl yamaclar yenə onu öz qoynuna səsləmişdi. Özünü xarabazarlqı olsa belə də, dünyanın xoşbəxti sanır, hər daşı, hər ağacı sinəsinə sıxıb öpmək, özü də torpağa qarışıb onun bir zərrəsi olmaq istəyirdim... Şirin xəyallar bu gün reallığa çevrilmişdi... Açığı, əvvəllər yurd yerlərinin belə əziz, əvəzsiz olduğunu, bu qədər dərk etməmişdi. O yerlərə bircə dəfə ayaq basmaq üçün bütün həyatını verərdi. İşğaldan azad olunandan sonra bu yerlərə çox can atır, hər vəchlə, vasitə ilə ziyarət etmək istəyirdi. Bəli, 2023-cü il iyulun 1-ini həyatının ən yaddaqalan günü kimi yaddaşına yazdı Dönməz.
Bu yazıda, səfər qeydlərində Dönməz dədə-baba yurdundan zorla çıxarılmış on minlərlə soydaşımızın el-oba həsrətini, iztirablarını, mənəvi sıxıntılarını ifadə edir. Tarixi ədalətsizliklər üzündən itirilmiş torpaqlar, yurd yerləri qarşısıalınmaz bir qüvvətək başqa Vətən övladları kimi, onu da özünə çəkdi.
Vətən həsrəti ilə göynəyən insanların həyatından çoxlu misal gətirmək olar. Bu yerdə böyük şairimiz Hüseyn Cavidin repressiya nəticəsində uzaq Sibirə sürgün edilməsi, elə orada da dünyasını dəyişməsi yadıma düşdü. Vətəndən uzaqlarda yad torpaqda uyuyan şairin ruhu narahat idi. Nəhayət, bu həsrətə son qoyuldu. Ötən əsrin səksəninci illərində böyük çətinliklərdən sonra onun nəşi Azərbaycana gətirildi və Naxçıvanda doğma torpağa tapşırıldı, onun qəbri üstündə əzəmətli məqbərə ucaldıldı. Bununla da, sağlığında bütün varlığı ilə Azərbaycana bağlı olan H.Cavidin ruhu Vətənə qovuşdu. Bu, şairin yaxınları, onun yaradıcılığını sevənlər üçün böyük təsəllidir.
H.Cavid kimi insanlar çoxdur. İstər Ermənistanda, istərsə də Şərqi Zəngəzurda yaşayan soydaşlarımızın vəhşicəsinə çıxarılması, bu doğma yerlərə uzun illər həsrət qalmaları bir vətəndaş kimi məni də narahat edirdi. Bu yerlərə həsrətlilərin dünyalarını dəyişmələri isə onların ailələrinə ağır dərd olmuşdu.
Dönməz öz xatirələrində qeyd edir ki, sevdiyi şair Musa Yaqubun qələmə aldığı “Zəngilanda bir vadi var” adlı şeiri ilə bu illərdə yaşadığı Zəngilansızlığı (Vətəndən didərgin düşəndən Dönməz Zəngilansız təxəllüsünü özünə seçmişdi. Doğma yurd işğaldan azad edilən gün isə o, Zəngilanlı təxəllüsünü fəxrlə daşımağa başladı.) özünə təsəlli tapmışdı. Bu şeir illərdi ona daha doğma, daha əziz oldu.
Zəngilanda bir vadi var

Zəngilanda bir çinarlı vadi var,
Ötən durna səmasından yol eylər.
Bəsit çayı nəğməsini oxuyar,
Qarşı dağlar dumanını bol eylər.

Gör nə güc var torpağında, daşında,
Yüz addımda sıralanıb yüz çinar.
Bardaş qurub bir süfrənin başında
Qoca çinar, oğlan çinar, qız çinar.

Pəhləvanlar sanki verib qol-qola,
Nəhəng əllər, nəhəng qollar birləşib.
Tək çinarlar bir vaxt çıxıblar yola,
Axır gəlib burda yollar birləşib.

Şimşək töküb qəzəbini bu yerə,
Vadi üstə həmin qeylü-qal durub.
Ana torpaq elə bil ki, göylərə
Bükülməyən qollarını qaldırıb.

Düzdür, səma neçə ulduz bürclüdür,
Əbəs imiş göyün yerlə yarışı.
İndi bildim min ulduzdan güclüdür
Torpağın bir gül bitirən qarışı.

Sehr qatıb tişəsinə bir qədər,
Təbiət öz heykəlini yonur hey.
Yarpaq düşür, gümüşlənir gövdələr,
Bədənnüma güzgü kimi yanır hey.

Ömrün belə zirvəsindən güc alıb,
İllər üstən könlüm aşmaq istəyir.
Adam elə bu vadidə ucalıb,
Ömrü boyu çinarlaşmaq istəyir.


Dönməz kimi köçkün həyatı yaşayanlar Vətəndə vətənsizliyin nə demək olduğunu yaxşı bilərlər. Mən köçkün olmasam da, illərdir tətilimi öz doğma kəndimdə keçirməkdən məhrum olmuşam. Odur ki, mən də özümü Vətəndə Vətən həsrəti çəkənlərdən sayıram. Axırıncı dəfə 2016-ci ildə tam olaraq məzuniyyətimi rəhmətlik atamın yanında keçirmişəm. Basqalın hər yerinə bələdəm. Kimin evi hardadır, kimin bağındakı hansı meyvə daha dadlı idi, kimin qoyun-quzusu hardan gəlib keçib - diqqət elədiyim üçün hamısını əzbər bilirdim. Ona görə də həmyaşıdlarım kənd xatirələrini mənim kimi detallı danışa bilmirlər…
... O gündən bəri mən və mənim kimi bir xeyli adam Vətəndə vətənsizdir. Hər yay ölkəmizin müxtəlif səfalı bölgələrinə getsəm də, nəsə ürəyimə yatmır. Səbəb bəllidir. Böyük Vətənimiz Azərbaycan olsa da, ürəyim Yavru Vətənim Basqalı istəyir… Və bilirəm ki, sədaqətli dostum Dönməz Abasovun da, bütün ailə üzvlərinin də ürəkləri, canları, ruhları doğma yerlərdədir, qəlbləri Qıraq Muşlaqla döyünür...
Və sonda Dönməz qardaşıma bir sualla müraciət etmək istəyirəm. Qardaş, bir neçə saatlıq Vətəndəki, doğma yurddakı görüşün 30 il qəlbində gəzdirdiyin Vətən ağrılarına, yaralarına məlhəm ola bildimi? Vətən nisgili, torpaq həsrəti bu görüşlə bitdimi? Bu, olsa-olsa bir qurtum suya bənzər ki, içindəki yanğını söndürsün.
Buna da şükür etmək lazımdır. Ona görə ki, başının tacı olan ANAmız doğma yurdda heç olmasa nəsildən, ailədən, bütövlükdə kənddən şəhid olmuş balaların nigaran ruhlarına dualar oxudu, sağlamlıqlarını itirmiş qazilərə şəfa dilədi. Bilirəm ki, bu səfər üçün qəlbində bir təşəkkür borcun var. Ona da əminəm ki, vaxt gələcək, Zəngilana rahat gedib gələcək, əvvəlki kimi yurdunuzun sahubu olacaqsınız. Məni və dostlarını da abad Zəngilandakı evinizə, həyətinizə toplayacaqsan. Bax, üzün onda tam güləcək, qəlbin fərəhlə dolacaq...

Daşdəmir ƏJDƏROĞLU
VƏTƏNİN VƏTƏNSİZLƏRİ - FOTOLAR
VƏTƏNİN VƏTƏNSİZLƏRİ - FOTOLAR
VƏTƏNİN VƏTƏNSİZLƏRİ - FOTOLAR
VƏTƏNİN VƏTƏNSİZLƏRİ - FOTOLAR
VƏTƏNİN VƏTƏNSİZLƏRİ - FOTOLAR
VƏTƏNİN VƏTƏNSİZLƏRİ - FOTOLAR

ZƏNGİLAN TƏƏSSÜRATLARIM.
VAXTINIZ OLSA OXUYARSIZ...


30 il 10 aylıq ayrılıq
Çətin səfər idi. Həm də həyatımda gecədən hazırlaşdığım ən çətin səfərim idi. Uzun zaman getməyə çalışdığım və müəyyən səbəblərə görə təxirə düşən bu səfər, nəhayət ki, alındı...
Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox hadisələr baş verir. Elə tarixi hadisələr var ki, müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elələri də var ki, heç vaxt unudulmur. Əksinə qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə yaddaşımızdan heç vaxt silinmir. Həyatımıza yazılan hər gün “Ömür” adlı kitabımızda bizim üçün yeni səhifə açır. Geriyə dönüb baxanda enişli-yoxuşlu yolu necə getdiyimə özüm də təəccüblənirəm. İllərlə Vətən həsrəti ilə döyünən ürəyimin bu iztiraba, acıya necə dözdüyünə heyran qalıram. Ancaq nə gözəl ki, bu gün zaman mənim də xeyrimə dəyişib... Bu gün keçmişlə deyil, gələcəklə bağlı, məni gözəl günlərə aparan, doğma Zəngilanıma qovuşduran günlərin sevincini yaşayıram.
1 iyul 2023-cü il...
Mənim üçün bu günün, ayın, ilin necə bir məna daşıdığını təsəvvür belə edə bilməzsiniz. Sanki 3 il əvvəli - 20 oktyabr 2020-ci ili xatırlatdı mənə. Həmin gün doğma Zəngilanımın artıq əvvəlkitək yenə bizim olduğunu öyrənmişdim. Elə o an “Gözlə Zəngilanım, sənsiz yaşadığım günlərimin həsrətindən qurtulmaq üçün, sənə olan vəfa borcumu qaytarmaq üçün mütləq gələcəm” deyə içimdən bir səs o günün çox da uzaqda olmadığını söyləmişdi...
Və 1 iyul 2023-cü il...
Uzun gecənin açılan sübh çağı. Məni Zəngilanıma qovuşduran gözəl gün. Sanki saniyələr belə gözümə dəqiqə, saat kimi görsənir. Vaxtın tez keçməsi üçün nələri qurban verməzdim. Bu gün axı, atamın da ruhu şad olacaqdı. Ona verdiyimiz sözü tuta biləcəkdik. Bir gün Zəngilana gedəcəyimizə və onun da ruhunun şad olacağına dair elə qəbri başında çox vədlər verib, arzu etmişdik. Bu gün həmin gün gəlib çatdı, mən, anam və ailə üzvlərim Zəngilana qovuşmaq üçün yol alırıq doğma yurdumuza...
Bakıdan uzaqlaşdıqca uzanan yol sanki Vətənə çatmağımıza bir addım qalırmış kimi gəlir mənə. Yolboyu bir şeyi düşünürəm. Axı, mən ötən illər ərzində yaxşı anladım ki, Vətən həsrəti doğulduğun və böyüdüyün yerdən məcburən uzaq yaşamağın yaratdığı əzab və sıxıntıdır. Bu əzabı yaşayanlar yaxşı bilirlər. Demək olar ki, bütün insanlar doğulduqları yerdən kənarda olduqları zaman xatirələrə dalaraq darıxar, daxilən əzab çəkərlər. Bəs, 30 ilə yaxın bir dövrdə məcburi köçkünlük həyatı yaşayan mən - biz necə yaşadıq və ya ümumiyyətlə, yaşadıqmı?
28 avqust 1993-cü il. Məhz, sonuncu dəfə bu tarixdə çıxmışdım Zəngilandan. Bakıda oxuyurdum. Dərslərin başlamasına 4 gün qalırdı deyə, tez çıxmalı olmuşdum rayondan. Zəngilan işğal olunmamışdan düz 2 ay qabaq... 16 yaşım tamam olmamışdı hələ. Bəlkə elə buna görə də bu gün Zəngilana, o 16 yaşı tamam olmamış bir kənd uşağı kimi qayıdırdım. Orada yaşadığımız qayğısız günlərimizi düşünərək yola çıxmışdım.
Budur, uzun həsrətdən sonra doğma Zəngilanıma çatmağıma az qalır. Ağalı, Cahangirbəyli və sonda Mincivan yoluyla doğma kəndimə - Qıraq Müşlana qovuşuram.Kənd həmin kənddir, torpağı, havası həminkidir. Lakin...Lakin o gözəl kənddən əsər-əlamət qalmayıb...
Nə yaşadığımız evlər, nə də kəndin əvvəlki görünüşü qalıb. Yerlə-yeksan olan kəndimdə bu mənzərə sanki illərdir çəkdiyim iztirabı, əzabı daha da artırdı.
Artıq, nənəmgilin evindəyəm. İşğaldan sonra düşmənin bu evdə yaşadığı bilinirdi. O ev ki, uşaqlığım, ömrümün gözəl çağları bu evdə keçib. Kədər, sevinc, əzab, iztirab, bütün duyğular bir-birinə qarışıb. İllərdir həsrət çəkən gözlərimdən sevinc göz yaşları axır. Qəhər və qürur sanki bir duyğuda cəmlənib. Qəhərlənirəm ki, illərdir biz səndən necə ayrı qala bildik, illərdir həsrətimizə necə dayandın Vətən? Sən də bizim kimi ağlayıb, həsrət çəkib, fəryad etdinmi? Xarabazarlığa çevrilmiş kəndimə baxanda bu sualın cavabını tapmağın elə də çətin olmadığını anlayıram. Qürurlanıram ki, bu gün sənin yanındayam Vətən, doğma Zəngilanım. İllər öncə səndən ayrılan uşaq kimi hüzuruna gəlmişəm, sənə qayıtmışam. Qarışıq fikirlərlə hey ətrafa boylanıram. Sanki nənəmlə babam, doğmalarım “xoş gəlmisiniz” deyərək boynuma sarılacaqlar. Bir ümiddir, arzudur bəlkə, ancaq bu an buna ehtiyacım olduğuna əminəm. Sanki şirin bir yuxudayam və heç ayılmaq istəmirəm.
Nənəmgilin evindən ayrılıb yol alırıq öz evimizə tərəf... Elə bilirdim nənəmgildə olduğu kimi, böyüyüb boya-başa çatdığım evimizi də görəcəm. Ancaq... Ancaq yaddaşımdakı o ev artıq yox idi. İllər öncə puç olan arzularım, ümidlərim kimi o evdə məhv olmuşdu. Düşmən illər öncə bizdən aldıqları azmış kimi, evimizi də yerlə-yeksan ediblər. Bir daş belə qalmayıb ki, illər öncə söykədiyim kürəyimi yenə o daşlara söykəyim. Olsun...
Bu mənzərə ürəyimi dağlasa da xoşbəxtəm. Atamın ayaq izinin olduğu, nəfəsinin dolaşdığı doğma yurdumda, evimdəyəm. Torpağına ayağım dəyir, havasını ciyərlərimə çəkə bilirəm. Xoşbəxtəm ki, atama doğma Zəngilanını görmək qismət olmasa da, anama görmək, gəlib ziyarət etmək qismət oldu. Xoşbəxtəm ki, illərdir bizdən eşitdikləri ilə doğma yurdları haqqında xəyal quran övladlarımız Zəngilanı görə biləcəklər. Xoşbəxtəm ki, artıq Zəngilansızam deyil, Zəngilanlıyam söyləyirəm. Xoşbəxtəm ki, ata yurdumda elə atamın arzuladığı kimi bir həyatı yaşayacam. Atamın sağlığında Zəngilanla bağlı arzularını həyata keçirə biləcəm. Onun ruhu şad olsun deyə biz övladları Zəngilana qayıdıb, onun adını Bakıda olduğu kimi, doğma yurdunda da yaşadacağıq.
İllərdir mən sevdiyim şair Musa Yaqubun qələmə aldığı “Zəngilanda bir vadi var” adlı şeiri ilə özümü təsəlli etdim. Bu şeir illərdi mənə daha doğma, daha əziz oldu.
Zəngilanda bir vadi var


Zəngilanda bir çinarlı vadi var,
Ötən durna səmasından yol eylər.
Bəsit çayı nəğməsini oxuyar,
Qarşı dağlar dumanını bol eylər.

Gör nə güc var torpağında, daşında,
Yüz addımda sıralanıb yüz çinar.
Bardaş qurub bir süfrənin başında
Qoca çinar, oğlan çinar, qız çinar.

Pəhləvanlar sanki verib qol-qola,
Nəhəng əllər, nəhəng qollar birləşib.
Tək çinarlar bir vaxt çıxıblar yola,
Axır gəlib burda yollar birləşib.

Şimşək töküb qəzəbini bu yerə,
Vadi üstə həmin qeylü-qal durub.
Ana torpaq elə bil ki, göylərə
Bükülməyən qollarını qaldırıb.

Düzdür, səma neçə ulduz bürclüdür,
Əbəs imiş göyün yerlə yarışı.
İndi bildim min ulduzdan güclüdür
Torpağın bir gül bitirən qarışı.

Sehr qatıb tişəsinə bir qədər,
Təbiət öz heykəlini yonur hey.
Yarpaq düşür, gümüşlənir gövdələr,
Bədənnüma güzgü kimi yanır hey.

Ömrün belə zirvəsindən güc alıb,
İllər üstən könlüm aşmaq istəyir.
Adam elə bu vadidə ucalıb,
Ömrü boyu çinarlaşmaq istəyir.

Bəli, illər öncə mən bu şeirin vurğunu oldum. Bəlkə də qəlbi Vətən sevdalı olan şairlə bir taleyi paylaşmasaq da, istəyimiz, amalımız, Vətənə olan sevgimiz bizi doğma etmişdi. Zəngilansız günlərimdə həmin şeir mənə bir təsəlli olardı. Hər dəfə şeiri oxuyanda Zəngilanlı günlərimə qayıdar, uşaqlıq çağlarım gözlərim önündə canlanardı. Sanki şairlə qoşalaşıb Zəngilanda sərv boyu ilə hər kəsi özünə valeh edən o məşhur çinarların altında birgə gəzərdik.
Bəli, bu gün artıq Zəngilandayam. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun bizlərə qaytardığı Zəngilandayam. Əminəm ki, yaxın gələcəkdə Zəngilan yenidən cənnətə çevriləcək.
Mən də doğma kəndimizdə yaşayaraq deyəcəm ki, Allah sizə rəhmət eləsin doğma Zəngilanımı mənə qaytaran, bu yolda canlarını fəda edən ŞƏHİDLƏRİM.
Allah sizi qorusun ata yurdum Zəngilanı mənə qaytarmaq üçün sağlamlığını itirən QAZİLƏRİM.
Biz doğma yurdumuza dönə bilək deyə döyüşən, vuruşan, bir an olsun belə şəhid olmaqdan çəkinməyən hərbçi qardaşlarım. Mən və mənim kimi minlərlə zəngilanlı sizlərə hər zaman borclu və minnətdar olacağıq. Bizi Vətənli edən siz oğulları heç zaman unutmayacağıq.

Dönməz Abbasov

Son xəbərlər

Gürcüstan-Rusiya sərhədində müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək

Trampa sui-qəsddə şübhəli bilinən şəxsi 20 ilə qədər həbs cəzası gözləyir

Bu kreditlərin yarıya qədərini dövlət ödəyəcək

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

KİV: Tramp ikinci sui-qəsd cəhdinə baxmayaraq, seçki kampaniyasını davam etdirəcək

Prezident Azərbaycanın səyləri nəticəsində bölgədə yeni reallıqların yarandığını Blinkenin diqqətinə çatdırıb

Laçının Sus kəndində illər sonra ilk məktəb zəngi çalınıb FOTO

Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar - FOTO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Ukrayna xalqı qardaşımızdır - Türkiyə

İnsan öz-özünə niyə danışır? - BUNDAN XƏBƏR VERİR

Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişini - Fotolar

Türkiyə gözəlini tənqid etdi - Özü də tənqid olundu

MSK yekun siyahını açıqladı! - Adlar

Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq

Məhsa Əmininin ildönümü - İran polisi hərəkətə keçdi

MSK-nın iclası başladı: seçkilərə yekun vurulur

Kölndə partlayış: Alman polisi əməliyyata başladı

COP29-la bağlı ezamiyyə xərcləri müəyyənləşdi

Bakıda qadın iki kişini bıçaqladı

Bu gün 10:00-dan 17 sentyabra kimi… - Xəbərdarlıq

Şuşada 33 ildən sonra ilk zəng çalınıb

Azərbaycanda ilk dərs günüdür

İkinci sui-qəsd cəhdindən sonra Trampdan ilk açıqlama

BELA ZƏNGİBASARLI: BULUDLAR KİŞNƏDİ - FOTO

Bu gündən Bakı-Sumqayıt qatar reyslərinin sayı artırılır

Yeni tədris ilində Qarabağ və Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başlayır

Qoz qabıqlarını qaynadıb saçlarınıza çəkin - İNANILMAZ FAYDALARI

Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30