turaztv.az
turaztv.az

Özüyçün yaşayanlar çatır mənsəbə, ada, Eliyçün ağlayanlar kor qalır bu dünyada.

7-12-2019, 20:17 257 dəfə baxılıb

Özüyçün yaşayanlar çatır mənsəbə, ada, Eliyçün ağlayanlar kor qalır bu dünyada.
Min illər boyu bəşər övladı özündə bir müqəddəs inam yaşadıb: Həqiqət nazilər, amma üzülməz! Etiraf edim ki, uzun illər bu deyim mənim də həyat amalım olub. Amma görünür, həyat haqqında, onun haqsız, dolanbac yollarının mövcudluğu, haqsızlığın, yalanın həqiqət üzərində qələbə çala biləcəyi haqqında düşüncə və təsəvvürlərim bəsit olub. Yaşa dolduqca, həyat dediklərimizi yaşadıqca çox gizli mətləblərdən hali olmuşam.
İnanmışam ki, əslində bu dünyamızda yalanın, haqsızlığın doğruluğun, düzlüyün üzərində bayraq olması adi haldır. Görüb inanmışam ki, haqsız bir kəs özünə çoxlu tərəfdar toplaya bilərsə, “qatığın qara olmasını” adi aksioma kimi qəbul elətdirə bilər. Qatıq dil açıb dillənsə də, üsyan etsə də turşuyub yalnız özünü məhv etməlidir. Bu acı həqiqətlər bizim başıbəlalı xalqımıza çox dərslər verib. Sanki, elə həyat belə olmalıdır. Haqq deyən dillər həmişə kəsilmişdir. Haqq bağıran ağızlar isə həmişə qıfıllanmışdır. Amma nadanın, cahilin müdrikə-aqilə öyüd-nəsihət verib yol göstərməsinə, dələduzun utanıb-qızarmadan düzlükdən, təmizlikdən danışmasına, öz şöhrəti, sərvəti xatirinə on minlərlə adamın mənəvi cəhətdən açıq-aşkar güdaza getməsinə, istedadsızın, ləyaqətsizin yüksək pafosla ləyaqətdən “dərs deməsinə” necə dözmək olar?! Xalqı yalançı şüarlarla, şişirtmə rəqəmlərlə “yedirib-doyduran”, millətin birliyinə qəsd edib ayrı-seçkilik salan, əslində öz xalqına yad mövqedə dayanan qabiliyyətsiz adamların qapısında ləyaqətli oğulların dayanıb gözləməyə məcbur edilməsinə dözməyə insanın iradəsi çata bilərmi? Axı, hər cür səbrin həddi-hüdudu var! Bəzən səbrdə, təmkində və kində insanları dəvələrlə müqayisə edirlər. Doğrudan da dəvəyə otur, deyərsən oturar, qalx, deyərsən qalxar, get, deyərsən gedər. Bu, onun səbridir. Dillərdə dastan olan səbridir. Xalq da səbrlidir. Amma kin deyilən bir şey də var - dəvədə də, xalqda da. İstərsə dəvə olsun, istərsə də xalqdan birisi, yanındakına, qarşısındakına edilən əziyyəti, haqsızlığı görməməzliyə vurar. Amma o zaman ki, öz canları yanar acıqlanıb qeyzlənərlər.

Bir əlin gəlirini o biri əl dağıtsa, paylasa, yedirtsə, kimsə səndən bu dəyirmanın suyu haradan gəlir, deyə xəbər almaz. Həm sənə, həm də özünə görə “öləcək və öldürəcək”. Amma az da olsa pay istəyəcək. Bəli, xalq dəyirmanın suyunu hesaba çəkməz, amma əlini onun piyaləsindəki bir damla suya uzatsan, gülümsər. Özünü məmnun kimi göstərər. Bax, xalqın da ən qorxulu anı elə səbrinin tükəndiyi bu anıdır. Camaatın içindən bir nəfər yoxsula zülm et, əgər qabağına bir parça çörək qoya bilmisənsə, səsini çıxarmayacaq. Yox, əgər həm zülm edib, həm də çörəyini əlindən alacaqsansa, inan mənə, günlərin birində üstünə hücum çəkəcək. Xalqın gözü mizan-tərəzidir. Orada haqqın, nahaqqın öz çəkisi vardır. Ən böyük nadanlıq, mən deyərdim ki, xalqı küt və anlamaz hesab etməkdir. Rəhbər vəzifə - böyük etimad, geniş imkan, ciddi sınaq və ağır məsuliyyət deməkdir.

Özünə xidməti xalqa xidmət kimi başa düşən, yersiz təriflərdən qürrələnən şöhrətpərəstlər gec-tez özünə və tutduğu vəzifəyə nifrət qazandırıblar. Çox vaxt nədənsə istedadlı və bacarıqlı, yenilik hissi ilə yaşayan, fədakar və yaradıcı adamlar bir növ yaddan çıxır, unudulur, ələ-sözə baxanlar, yuxarıdan verilən göstərişlərə “bəçeşm” deyib əməl edənlər yüksək vəzifələrə irəli çəkilirlər. Belə vəzifə sahibləri bütün hallarda cəzasız qalacaqlarına əmin olduqları üçün tez-tez hədlərini aşır, qanuna zidd və insanlığa yaraşmayan hərəkətlər edirlər. Onların ümumi bir əqidəsi var - qanun mənəm, mənim dediklərim hamı üçün qanundur, özüm üçün isə heç bir qanun yoxdur!

Layiq olmadığı yerdə oturmaq iştəhası, möhür, kabinet, maşın ehtirası həqiqət, ədalət olmayan yerdə dərhal gürzə kimi baş qaldırır. Təbiidir ki, layiq olmadığın mənsəbi ələ keçirmisənsə, qorxaq olmalısan. Nə qorxusudur bu? Vəzifə qorxusu! Qoy ədalət haray çəkə-çəkə boğulsun, üstünü vurma, vəzifən əldən gedə bilər. “Yuxarıdan” gələn əmr üçün ağına-bozuna baxmadan əlini qulağının dibinə qoyub farağat vəziyyətində dayan. Tabeçiliyində olduğun adamın – ləyaqətsiz adam olsa belə - hər bir əmrini “Amin” deyə qəbul et, etməsən, yerində yoxsan. Bu abı-hava nə qədər lənətlənsə də bizi hələ tərk etməmişdir. Və nə qədər ki, vəzifə üçün dəridən-qabıqdan çıxmaq “yanğımız” baş alıb gedir, elə belə də olacaq.
Vəzifə - fərqi yoxdur, ya böyük olsun, ya kiçik olsun – xalqın xidmətində dayanmaq deməkdir. Yəni, bundan çətin və məsuliyyətli iş yoxdur. Bütün şəxsi qayğılarını xalqın xeyrinə qurban verməlisən. Məsuliyyət, qeyrət, vətəndaşlıq hissi burulğanında əzab çəkməli, dinclik nə olduğunu bilməməlisən. Axı, xalqa xidmət edirsən!

Bəs necə olur ki, belə çətin işə girişmək üçün ilan kimi qabıqdan çıxanlar çoxalır? Doğrudanmı, bunların hamısı xalq üçün ömrünü əritməyə hazır olan adamlardır? Əfsuslar olsun ki, yox. Xalqın xidmətində durmaq məsuliyyətini dərindən dərk edən ləyaqətli adamları vəzifəyə xalq özü gətirməlidir. Yoxsa, dünən şəninə tərif dediyin, istedadına misra qafiyələndirdiyin bir adamı bu gün başla lənətləməyə. Bu heç nə insafa uyğundur, nə vətəndaşlığa, nə qeyrətə, nə də kişiliyə.

Bəli, zaman-zaman kişiliyimizə batman-batman haramlıq qatmışıq. Babalarımızın hər şeydən əziz tutduğu kişiliyi biz pula satmışıq. Rəhmətliklərimiz haram süfrədə tikə kəsməzlərmiş. Haram qazananlar barmaqla sayılarmış. Di gəl, bu gün haram yeyən vəzifə sahiblərini kömpüterlə hesabla görüm, necə hesablayırsan?

Bir zamanlar belə üzdəniraq rəhbərlərin əliylə “xam torpağı” təbliğ edə-edə gənclərimizi xam torpaqlara göndərdik. Nəticəsi nə oldu? O oldu ki, gənclərimiz orada xam xəyallara düşdülər, Anyalara, Sonyalara tuş gəldilər, əlləri qoynunda, gözləri yollarda, həsrəti saçında ilğım olan, çağırmaqdan taqəti, heyi kəsilmiş ağbirçək analarımız – görən harada qaldı anası ölmüş - deyib qurban-qazan götürdülər.

“Dirçəliş”dən danışa-danışa xalqımızın dürçəldiyinə gəncləri inandırmağa çalışdıq. İnandıra bilmədik. Axı onlar yaşadıqları doğma yerlərində heç bir “dirçəliş” görmədilər. İndi artıq kiçik yaşlı uşaqları da aldada bilmirik. “Kəndimiz ildən-ilə gözəlləşir” inşasını yazmaqda çətinlik çəkirlər. Axı onlar yuxarıda qeyd etdiyim “gözəllik”dən necə söhbət açsınlar? Palçıqlı küçələrdənmi, məişət qayğılarındanmı, həllini gözləyən sosial məsələlərdənmi yazsınlar?! Şagirdləri necə inandıraq ki, bizdə hər şey öz qiymətinədir, səhiyyə pulsuzdur, polisimiz bizi qoruyur. Heç bir çətinliyimiz yoxdur. Ay tövbə, heç kim inanmır.

Bu gün hər bir namuslu vətəndaş özünə sual verir:Axı niyə ali təhsilli,bacarıqlı mühəndis polisə sahə müvəkkili düzəlmək üçün özünün,ailəsinin boğazından kəsib on min manatlarla rüşvət verməyə hazırdır? Niyə savadlı müəllim gecə polisinə çavuş kimi düzəlmək üçün bütün mövcud “təşkiletmə”mexanizmini işə salır,hər cür alçaqlığa razı olur? Niyə qabiliyyətli,ağıllı iqtisadçının ən böyük arzusu və amalı iqtisadiyyatımızı yüksəltmək yolları axtarmaq yox,sahə müvəkkili olmaqdır? Niyə? Əminəm ki,sualın cavabı çoxlarına aydındır.Çiyinə yapışdırılmış paqonlar onlara hakimiyyət verir,toxunulmazlıq,özbaşınalıq etmək,başqalaına yuxarıdan aşağı baxmaq imkanı verir,başqasının süfrəsinə,cibinə girmək səlahiyyəti yaradır,iqtisadi cəhətdən daha yaxşı təmin olunmaq üçün vasitə olur.

Unutmaq olmaz ki,polis orqanlarının bu cur qanunu pozması onlara qarşı ikrah hissi oyatmaqdan başqa,həm də ictimai asayişin qorunmasına laqeydlik,biganəlik yaradır.Azmı sürücü aftomobil qəzasına uğramış sürücü yoldaşını təhlükəli vəziyyətdə qoyub, “ polisin çək-çevrinə”,“şərə”düşməmək üçün vicdan əzabı çəkə-çəkə hadısə yerindən uzaqlaşır? Çox adam bilir ki,metronun çıxacağında dələ duzluq edənlər həmin rayonun sahə müvəkklinə,metronun polisinə “faiz”verırlər.Əksər ticarət obyektləri polisə“naloq”verir.Həyasızcasına alverçilik,cinayətkar ünsürlərin hüquq mühafizə orqanlarının işçiləri ilə əlbir olması Azərbaycanın bəlasıdır.hətta iş o yerə çatıb ki,dilənçilər belə faiz hesabını bilmədikləri üçün “sabit stafkayla”işləyirlər. Dilənçidən də rüşvət alan polis xalqım ola bilərmi? Xalqa əl qaldıran xalqın asayişi keşiyində dura bilərmi? Dili dilimdən,qanı qanımdan olan əzizlərim,heç bilirsinizmi ağac suda niyə batmır? Çünki su öz yetirdiyini öz qucağında qərq etməkdən utanır.Nə isə...
Qaldı ki, getmişlərə... İstər o vaxtlar xoş güzaran dalınca getmişlərə, istərsə də indi haqsızlığın, bürokratçılığın əlindən qaçıb getmişlərə heç vaxt haqq qazandırmamışam. Bu, mübarizə meydanından qaçmaq deməkdir. Təki mən salim olum – deyib qaçanlara deyərdim ki, getməyin! Getsəniz torpağımızda uyuyanların ruhu qınayar sizi. Nə vaxtsa, haçansa dönəcəksiz geri. Bu torpağın, bu elatın, bir ana harayının, bir qız sevgisinin haqqı-sayı çiyinlərinizdə dönəcəksiz, dönəcəksiz. Dönüb, diz çökəcəksiz bu torpağa, baş əyəcəksiz həsrətdən ağaran birçəklərə, qarıyan sevgilərə! Öz isti ocağından, əzizlərindən uzaq düşüb başqa ölkələrdə səadət, xoş gün-güzaran axtaran neçə cavan tanıyıram. Onları yurd-yuvaları,ndan qaçaq salan nədir?.. Məhrumiyyət, mənəvi işgəncə, kasıbçılıq... Və o cavanlar uzaq-uzaq diyarların eyvansız evlərində ömür-günlərini çürüdə-çürüdə gözləyirlər. Gözləyirlər ki, nə vaxtsa günəş doğacaq. Ancaq onların tay-tuşları - əsgərlər, süleymanların nəvə-nəticələri babalarının gəzdiyi faytonlardan düşüb, bahalı maşınlarda səyahətə çıxırlar...

Bu adamlar kimlərdir? Və bu sualın müqabilində yadınıza “Arşın mal alan” filminin nikbin sonluğunu xatırladıram. Gülçöhrə, Asya, Əsgər və Süleyman toy faytonunda vüsalın şirinliyindən xumarlana-xumarlana gələcəyə doğru çapırlar. Bu vaxt, yəni filmin lap son anlarında faytonun tərkində gedən Telli və Vəlini görürük. Bəy evində qulluqçuluq edən Tellinin və tacirlərin nökəri olan Vəlinin o qəmli təbəssümündən filmin xoşbəxt sonluğuna qəm notları süzülür. İstər-istəməz, ürəyimizdən bir ağrı keçir. Çoxlarına komediya təsiri bağışlayan bir ağrı... O vaxtdan, faytonun yola düşdüyü gündən bir əsr ötür. Ancaq o ağrı, o qəmli notlar hələ də içimizdədir. Ona görə ki, bəy qızları – Gülçöhrə və Asya, tacirlər – Əsgər və Süleyman üçatlı faytonlarda onları hər cür təminatlar gözləyən bir aləmə çapırlar. Nökərlər – Telli və Vəli isə hələ də faytonun tərkində gedirlər. Və o qüssəli təbəssümlə, ötən illərə, ötən nəsillərə, dəyişən fəsillərə əl edirlər. Bu ötən illərdə fayton həmin fayton qalıb, sərnişinlər də həmin sərnişinlər. İndi qəbirləri də əriyib, çopurlaşan daşların yanında qiyməti ölçüyə gəlməyən, düzəldilməsinə ətək-ətək pul xərclənən başdaşları ucalır. Kimlərindir bu başdaşları?.. Əlbəttə ki, tacirlərin, bəyzadələrin - əsgərlərin, süleymanların. Biçarə Tellinin, zavallı Vəlinin heç başdaşları da yoxdur. Demə, bu dünyanın nizam-tərəzisi qəbiristanlıqdan başlanırmış...

Mehman Mahmudoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm”, “Vicdanlı qələm” və
“Cəsarətli qələm” media mükafatları laureatı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yanvar 2020 (233)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)