Bu da bir keçmiş olsun

Baxış Sayı:133

Bu da bir keçmiş olsun
Qonşum zavodların birində fəhlə işləyir. Heç bir institut- filan da qurtarmayıb. Yəni elmdən, təhsildən çox- çox uzaqda dayanan kəslərdən biridir. Həyətdə, küçədə qonşularla rastlaşdıqda astaca başını tərpətməklə salamlaşar, artıq sual vermək və çox danışmaqla arası olmayan bir allah bəndəsi kimi, hamı onu belə tanıyırdı. Simasına diqqət edəndə sakit və ciddi adam olduğu təssüratı yaradırdı onu tanıyanların təsəvvüründə. Bir sözlə, insanlarla ünsüyyət qurmaq , zarafat etmək, deyib- gülmək bu adamın xarekterinə yad olan bir hal idi. El arasında işlənən məhşur bir məsəldə deyildiyi kimi," Zalım oğlunun elə bil dili yoxdur". Özünü başıaşağı, sakit, mədəni şəkildə aparması və heç kimlə işi olmadığına görə hamı ona bir qonşu kimi hörmətlə yanaşırdı. Bir adam ortaya çıxıb deyə bilməz ki, o kiminsə " toyuğuna daş atıb" .Çoxları bu cür xarekterin müsbət olduğunu düşünür. Ancaq mən heç də bu fikirlə tam razılaşa bilmirəm. Əminliklə deyə bilərəm ki, sakit, ciddi, ağır təbiətli olmaq hər zaman yox, müəyyən vaxtlarda və müəyyən yerlərdə adamın " işinə" yarayır. Nəyisə, mətləbdən uzaqlaşmayaq.
Ancaq sonralar qonşumun başına gələn bir olay, onu tanıyanların təssəvüründə bir tərəddüt yaşatmağa səbəb oldu. Zatən, bu məsələdə qonşumun o vaxtki hərəkətlərinə haqq qazandıranlar da oldu, haqq qazandırmayanlar da. Onun atdığı addımın əsas səbəbi isə, sonralar özünün dediyi kimi, problemlərlə yüklənib özündən çıxması və dözümsüzlük nümayiş etdirməsi olmuşdu. Bu haqda da danışacağıq.
Onun aldığı əmək haqqının civarı elə də çox deyildi. Ailənin güclə dolanmasına bəs edirdi. Üstəgəl işıq, qaz, su pulu onu lap " yıxıb sürüyürdü". Ay ərzində bir- iki qohum əqrəba toy məclislərində iştirak edəndə vəziyyət lap "xarablaşırdı". Hər ayı borc içində adlamaq sanki bu ailənin qismətinə yazılmışdı. Çətin şəraitdə yaşadığına baxmayaraq , başının üzərində hər zaman allahını görür və bu gün sağ- salamat ailəsi ilə bir yerdə olduğuna görə yaradanına şükr edirdi.
Günlərin birində qonşum axşam işdən evə gələndə qapının ağzında həyat yoldaşı ona kiçik oğlunun xəstələndiyini bildirir. Bu xəbərdən qonşumun qanı qaralır. Dilxor halda ayaqqabını ehmalca çıxardıb uşaq otağına keçir. Oğlu çarpayıda əllərini sinəsinə qoyub sakit uzanıqlı vəziyyətdə olur. Tez- tez nəfəs aldığından sinəsi sürətlə qalxıb enirmiş. O əlini uşağın alnına və yanağına gəzdirir. Atasının gəlişini hiss edən oğul çətinliklə gözlərini açır. Atasını görcək ayağa qalxmaq istədikdə ,ata əli ilə oğluna " durmamaq" işarəsini verir və bikef halda o biri otağa keçir. Qonşum" məsələ aydındır, uşaq qızdırmadan od tutub yanır, dava- dərman almaq lazımdır. Dərman almağa isə... Hələ keçən ayadan aptekə qalan borcumu da tam ödəməmişəm. Maaş almağa isə, hələ bir neçə gün var. Bəs nə edim? Bu fikir onu üzür və səbrini daha da daraldırdı. Nə qədər səbrli, təmkinli olub naşükür olmasa da, daxilindən gələn cansıxıcı hisslərə hakim ola bilmirdi. Elə bil əl -qolu bağlanmışdı. Otaqda var gəl edə- edə haradan və kimdən borc pul tapmaq haqda düşünür." Dağı arana, aranı dağa daşıyır". Ha fikirləşdisə " işıq" gələn bir yol tapa bilmir.
Bir neçə dəqiqə də keçir. Müsiqi səsinə bənzər qapı zəngi onu xəyal dünyasından ayırır. Gələn işıq nəzarətçisi idi. İşıq pulu üçün gəlmişdi.Nəzarətçi ödəniş olmadığı halda, işıqları söndürəcəyini ev sahibin diqqətinə çatdırır. Qonşumu yaşadığı problemlərdən birindən " canını qurtarmamış", diğəri gözlənilmədən onu haqlayır. O daxildən gələn hirsini biruzə verməməyə, özünü təmkinli, səbrli aparmağa çalışır. Gələn adama deyir ki, evdə xəstəm var və bir neçə gündə gözləsin, pulu ödəyəcəyəm. .Nəzarətçi üz- gözünü turşudaraq bu işin ondan asılı olmadığı cavabını verir və başqa heç bir şey söyləmədən geriyə dönüb çıxıb gedir. Bir neçə dəqiqədən sonra evin işıqları sönür. Otaqlara qaranlıq çökür. Bir tərəfdən xəstə oğlunun problemi ,diğər tərəfdən işıqların sönməsi nadir hallarda özündən çıxan qonşumu hirsləndirir. Özünü ələ almağı bacara bilmir. Heç nə fikirləşmədən əsəbi halda mətbəxə keçir. Bıçaq götürüb heç kimə heç nə demədən küçəyə çıxır.
Nəzarətçi öz işini görüb qurtarmış olur. Dodaqaltı zümzümə edərək alətləri rahat şəkildə iş sumkasına yığır.Birdən əli bıçaqlı bir nəfərin ona tərəf iti addımlarla gəldiyinə gözü sataşır. Gözlərini qıyaraq yaxınlaşan adamı bir də diqqətlə süzür. Bu dəfə tanıyır.. Bir neçə dəqiqə bundan qabaq söhbət etdiyi və işığını kəsdiyi ev sahibi olduğuna əmin olur. Öz işini başa düşür. Qorxudan rəngi avazıyır. Donub yerində qalaraq o tərəf - bu tərəfə baxır. İş sumkasını götürüb tez götürüb aradan çıxmaq da fikrindən keçir. Tərəddüt edir. Bilmir nə etsin? .Gələn adamın ona yaxınlaşmasına isə lap az qalır. Birdən o qışqıraraq hay'-küy salaraq köməyə adam çağır. Səs- küyə birinci olaraq qonşular çıxırlar. Əlində bıçaq olan adamın üzünə baxıb kim olduğunu görəndə təccüblə bir- birinin üzünə baxırlar. Heç kəs gördüyü mənzərəyə inanmağı gəlmir. Ortaya bir neçə dəqiqəlik sükut çökür. Bundan istifadə edən nəzarətçi sivişərək aradan çıxır.
Bir az sonra isə ərazi" uçaskovusu" qonşumun qapısını döyərək onu axtarırdı.
Ertəsi gün hamının " lal" bildiyi qonşumun dili açılmışdı. O başına gələnləri belə nağıl edirdi: Canımı qurtarmaq üçün uçaskovıya yüz manat " tərləməli" oldum. Çoxlu problemlərim olduğu halda," həngamə" törədərək xərcə düşmək ağılsız hərəkət idi. Elə işığa olan borcumun da miqdarı yüz manat edirdi. Dava- dalaş görə cərimə verməkdəndisə, işığ borcumu bağlamaq daha yaxşı olardı. Həm də canım borcdan qurtarardı. Nə etmək olar?! Üzləşdiyim hadisələrdə hər zaman maksimum dərəcədə səbrli, təmkinli olmağa çalışıram. Düzdür, bundan sui- istifadə edənlər də olur. Bəzən ,elə hallar da olur ki, hərəkətlərimə nəzarət edə bilmirəm. Elə dünən baş verənlər kimi. Deyə bilmərəm, bəlkə də bu mənim təbiətimlə bağlı olan məsələdir. Ancaq baş verənlərə yenidən ayıq başla yanaşmaq istədikdə, artıq " iş işdən keçmiş olur".
Mən də onun danışdıqlarına diqqətlə qulaq asıb" Bu da bir keçmiş olsun" deyib sağollaşdım.

Elxan ÇIRAQLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR