ŞƏHİD BALAM - MURAD MƏHƏRRƏMOV

Baxış Sayı:93

ŞƏHİD BALAM -  MURAD MƏHƏRRƏMOV
ŞƏHİD BALAM
Xalqımın fəxarəti,
Hünəri, cəsarəti,
Ucaltdın bu milləti,
Alınmaz, çökməz qalam,
Ay mənim ŞƏHİD balam!
******
Ölümləri qorxudan,
Oyan, tez qalx yuxudan,
Ey könlümü oxudan,
Qəlbimdə kaman çalan,
Ay mənim ŞƏHİD balam!
******
Düşmən önündə sipər,
İgid, cəsur, hünərvər,
Qazandığın bu zəfər,
Tarixlərə iz salan,
Ay mənim ŞƏHİD balam!
******
Oddan, alovdan keçdin,
Yağıya divan biçdin,
Ölüm şərbətin içdin,
Ruhuna olsun salam,
Ay mənim ŞƏHİD balam!
******
"Vətən sağ olsun"-- deyib,
Bəmbəyaz libas geyib,
Cənnət qapısın döyüb,
İlahi nur, xoş kəlam,
Ay mənim ŞƏHİD balam!
******
Sən Vətən, Vətən sənin,
Çiçək açdı çəmənim,
Dağlarda duman, çənim,
Yamyaşıl, güllü talam,
Ay mənim ŞƏHİD balam!
******
Atalar köksündə daş,
Analar gözündə yaş,
Hamıya övlad, qardaş,
Qələbə, zəfər çalan,
Ay mənim ŞƏHİD balam!

#######
MURAD MƏHƏRRƏMOV
15- 09- 2022

ŞƏHİD BALAM -  MURAD MƏHƏRRƏMOV

Oxşar xəbərlər
SON XƏBƏRLƏR