YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ

Baxış Sayı:229

YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ
ÜSTÜNDƏ GƏZDİYİM BU ANA TORPAQ
BİR GÜN DƏ QOYNUNA ALACAQ MƏNİ
YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ


Ömür-gün deyirəm, nə təhər ucuzlaşmış, Musa müəllim. Kimin təmkin yaşı
çatdı, kimin yubiley günü yetişdi, kimin yazı, kimin payızı, kiminin qışı...

Hər şey, hər yadda qalmalı, tarix qarışmış dünyamızın sıxıntıları içində əriyib gedir; təkcə özü ərimir, bizi də özüylə əridib yox eləyir.
Onsuz da xalqın ən sakit, nisbi firavan günündə də şair ömrü qayğılar, əndişələr çəmbərində yanıb çökür. Bunu özünüz daha tutarlı deyirsiniz:
Torpağım! Bu ölüm ikili yasdır,
Qoy düşmən görməsin üstümü basdır.
Qanımla alnıma bir tale yazdır –
Təzədən püskürsün məzarım, haray!
Haray, etibarım, vüqarım haray!

(“HARAY”)
Ağlınız kəsəndən dərdlə yoldaşlıq, qayğıyla qardaşlıq eləmisiniz. Bundan bezikmək nədi, qatlaşdığınız möhnəti bir yaşamaq vasitəsi bilmisiniz. 1990-cı ilin 20 yanvar faciəsi ilə bağlı İsmayıllı rayon Mədəniyyət Evinin qarşısında düzənlənmiş möhtəşəm mitinqdəki alovlu, kədərli, həyəcanlı çıxışınızda ürəyinizin fəryadını xatırladım. Onda öz şəxsi faciənizə, millətinizin kütləvi matəminə açıq-aşkar yas saxlamağa sizi qoyardılarmı?! Sovet şairi (bəli, sizi sovet şairi hesab edirdilər) də “of’ deyə bilərdimi?! Faciəmiz bəlkə də bir bəhanəydi; sizi fəryada gətirən özgə dərdiniz idi - xalqınızın səngiməz, qaysaqlamaz yaralarının sızıltıları idi.
Bu inkar dünyası,
Bekar dünyası
Hələ söz çeynəyir, hələ söz yeyir;
Bu boğaz dünyası, çənə dünyası,
Bu danqaz dünyası, tənə dünyası...
Bir rəngli torpağın, bir rəngli daşın
Üstünə min rəngli siyasət yapan,
Ah, bu qanlı dünya,
Üsyanlı dünya!

(“AH, BU DÜNYA...”)
Onda 53 yaşınız vardı. Qətlimizə fitva verənlərin və onların əlaltısı olan soydaşlarımızın rəzilliyindən gözü qorxanlar Sizin bu dövrdə yazacağınız hətta bənövşə qoxulu hər sətirə, hər misraya belə şübhələnəcəklərinə, gileylə yanaşacaqlarına, Sizi dərdlərinizlə birgə ittiham edəcəklərinə ehtiyatlanırdınız.
Görün “BMT” şeirində siyasi olayları poeziyanın dilində necə də gözəl təqdim etmisiniz:
Dünya qədər dərdli-sərli BMT,
Dilində çox sözxü söz eyləməyən.
Gözündə eynəyi tərli BMT,
Cavandı, qocadı, gözü tor görür –
Özü söz danışır, işi zor görür –
Vallah, BMT-lik deyil bu dünya.

Bu şeirdəki ifadələrə fikir verin: “tanklı BMT”, “dərdli-sərli BMT”, “tərli BMT”, “pəltək BMT”, “natiq BMT”, “sadiq BMT”, “həkim BMT”, “hakim BMT”, “yaraqlı BMT”, “haqlı BMT” kimi poetik ifadələrlə əlindən bir iş gəlməyən, verdiyi qətnamələri kağız üzərində qalan bir dünya təşkilatını mahirliklə, ustalıqla ittiham edir, onu sözün hədəfinə çevirirsiniz.
Sonra bir görüşdəki çıxışınız da yadımdan çıxmır. Gənclərlə olan görüşü deyirəm. Sanki Musa müəllim orada özünün unudub gənc hesab edirdi. Gənclərə maraqlı tövsiyyələrini verən Musa müəllimin meydanında adam başbaşa qalırdı - bütün ələmi, hər nöqtəsindən belə burxulmuş ürəyi ilə. Əvvəldən-axıracan misraları oxucunu haldan-hala salır, tənqidçilər demiş, dünyada bir işıqlı nöqtə qoymurdu qala. Ustadın o poetik məngənəsində tıncıxdığımız bu amansız məqamda sonuncu bəndlə kürrük eləmiş bir yaz yağışından sonra gülümsəyib dünyaya boylanan Günəş kimi misraların ümid donuna bələnirdik:
O ümidlərə ki, inamlara ki,
O adamlara ki, mən inanırdım.
Döndülər mənimçün yol qoymadılar,
Bir xeyir işimə qol qoymadılar.
Mən kimin dalınca gedim görəsən,
Mən nəyin dalınca gedim görəsən,

(“O ÜMİDLƏRƏ Kİ, MƏN İNANIRDIM”)
Bu şeirdən əvvəl də, sonra da sonra neçə-neçə gözəl tərənnüm şeiri yazmısınız. Amma bu həqiqət də qəlbinizə dəyməz ki, möhnət üstündə daha həssas köklənirdiniz. Bu, Sizin dünyanın acizliyindən irəli gəlmir.
Sizi yaxından tanıyanlar bilirlər ki, Siz gəzəri bir ovuc Vətən torpağısınız: sızıltınız da, şövqünüz də, fərəhiniz də bu müqəddəs torpaqdan qaynaqlanır:
Odur ilk mayası yoxun, varın da,
Soyumaz nəfəsi qışın, qarın da.
Yerdən ulduzlarla uçanların da,
Ümidi torpaqdır, qanadı torpaq.

(“TORPAQ”)
... Nə qarışıq zamana gəldik deyirəm, Musa müəllim. Sizin kimi ustad şairimizin 85 yaşında gərək ancaq könülaçan mətləblərdən
söhbət salasan, xatirə gecəsi, təntənəli tədbirlər... İndi hansı
oxucunu buna kökləmək olar?! Elə şairimiz sağ olsaydı belə, onun özünü də bu təntənələrə qatmaq çətin olardı. Daha doğrusu, “təntənə”lərin özü süstəldi, yox oldu. Çünki pandemiya millətimizi elə hala salıb ki, heç kəsin yadına yubiley, xatirə gecəsi, təntənəli tədbir belə düşmür. Yoxsa Musa müəllimin şairliyini bir yana atsaq, alovlu bir vətənpərvər, torpaqsevər, kəndə bağlı, təbiətə vurğun, yaradıcı insan kimi Sizin buna haqqınız var idi! Amma bunu heç kim unutmayıb ki, illər öncə bizim aramızda insanı alıb aparan, gözəl təbiət şeirləri yazan ancaq Sizinlə Məmməd Araz idi. Necə də məhsuldar işləyirdiniz, necə də hərarətli yazırdınız! Az qala içimizi bu misralarla ovurdunuz. Elə özünüzdən sonra da bu şeirləri oxuyanda, kitab cildlərinizi vərəqləyəndə də həmin hissləri keçirməli, o ovqatı yaşamalı oluruq. Yaxşı yadımdadır, çalışdığım gündəlik qəzetlərdən biri üçün sizdən müsahibə götürəndə Yazıçılar Birliyinin Z.Bünyadov küçəsində yerləşən 9 mərtəbəli binadakı evinizdə birnəfəsə dediyiniz şeirlərlə bizi ovsunlamışdınız – mərhum ağdamlı şair Qələndər Xaçınçaylı ilə məni. Hətta səsinizi eşidib bura gələn yazıçı və şair dostlarınızı demirəm. O nəydisə, bircə anda qəlbiniz püskürür, şeir alovu ilə buraya yığışmış 5-10 nəfəri necə də məcbur eləyib bu axara - nəsri bir fırtınaya döndərmişdiniz. Gah “Bizdən ayrı düşənlərdən” birisinin arxasınca ürək parçalayan fəryad qoparır, gah unudulmuşlardan birisinin ruhunu haraylayıb diqqətimizə çatdırır (çatdırır nədi, dirildirdiniz o rəhmətlikləri); gah Buynuzdan vurub, üzü Kəlfərəcə, Mücüyə qədər İsmayıllının füsunkar təbiət guşələrinə qonaq edir, ucsuz-bucaqsız bu ərazilərdə duyğu-düşüncələrinizlə xəyalımızı məftun eləyirdiniz.

Bir qoynu gülüstan, cənnət məkanın,
Gəl ki, çaylarıyla qaynasın qanın.
Dilbər İsmayıllı Azərbaycanın,
Bir firuzəsidir, üzük qaşında.

Qurbanəfəndinin ağarmaz saçı,
Yaşıl ormanları, min növ ağacı.
Topçu meşəsidir Topçunun tacı,
Ayrı nəğməsi var hər bir quşun da.

Dağlar buynuz kimi alıb araya,
Buynuz burdan baxar ulduza, aya.
Musanın şeiriylə gəlib haraya,
Qovuşub dünyaya söz yarışında.

Muğanlı yolunda baş ala durur,
Fikir ver o qartal Basqala durur.
Kələğayısı ilə el büsat qurur,
Min rəng şəfəqlənir hər naxışında.

(“İSMAYILLI XƏRİTƏSİ”)
Bu misralardan sonra orada xəyallar məni haralara, nələrə aparmamışdı?!. Düşünmüşdüm ki, hardan yazsanız da, hardan desəniz də, hansı mövzudan danışsanız da, oranı, o mövzunu bizim üçün necə də doğmalaşdıra bilirsiniz!
Musa müəllim, sizi tanıyanlar da sözümü təsdiqləyə bilərlər ki, vallah, billah, Siz elə-belə gəlişigözəl sözlər deməmisiniz, kimlərisə yola verməmisiniz. Mən də Sizi gözəl tanıyıram - nifrətiniz də sevginiz kimi həmişəlikdir...
Sizin səsə tələbinizdən, səsə heyranlığınızdan xeyli dedim, onunla da Sizin kövrək ürəyinizin döyüntüləri barədə qeydlərimi bitirmək istəyirəm (Görürsünüzmü, bu gün də Sizdən, Sizin söz boğçanızdan danışıb, sözümüzü qurtara bilmirik; inanın ki, bundan sonra da sonaladığım, gözüm arxasınca olan bəndləriniz, misralarınız var... sonluq olaraq onlarla şeirinizdən örnək gətirə bilərəm).
Deməyin könlümün tək həsrəti var,
Qəlbimin atəşi sönməyib hələ.
Orda bir ananın məhəbbəti var,
Döysə çovğun məni, döysə qar məni,
Elə bu məhəbbət yaşadır məni.

(“BU MƏHƏBBƏT YAŞADAR MƏNİ”)
Sevgilər də ötəri, onlar da aldadıcı... Ötəri olmayan, həmişəlik qalan bu aldadıcı ülvi hisslərin insanı yaxıb qovurduğu anda sənətə mal olan, əbədiləşdirilən bəşəri yanğılardır.
Bilirəm, bilirik, bu ömür-gün hesabatları – ömürlüyünüzdə yazdıqlarınız üstünü almış qara buludlardan doğan hissiyyata bağlıdır. Amma, ustad şairim, Siz neçə il səhhətinizlə bağlı bu gurhagurlu şəhərə üz döndərmədiniz, Buynuz kimi saf bir məkanda yaşamağı üstün tutdunuz, özünüzü keçirdiyiniz xəstəlik afəti qarşısında da məğrur tutdunuz. Mərhəba, bu yöndə nə qədər zəhmli, nə qədər vüqarlı oldunuz!
Siz bir sənətkar olaraq hər zaman həssas, kəskin zehin sahibi, nəfəsinin odu, alovu ilə seçilən söz sərrafısınız. Müasir Azərbaycan şerinin çox-çox uzaqlardan bütün əzəməti ilə görünən sənət bürcüsünüz. Siz bədii sözün qüdrətli ustasısınız. Bildiyimiz sözlərə, bəzən də gözdən saldığımız sözlərə heyrətləndirici bir ustalıqla əfsun oxumuş, min ilin köhnəsini təzələmiş, kərpici qızıl urvatına mindirmişsiniz. Elə əslində şairlik də budur. Böyük şairlərin hər birisi ilə dilimizin bir budağı, bir yeni ”dili” yaranır. Füzuli dili, Sabir dili, Səməd Vurğun dili... bir də Musa Yaqub dilimiz var.
Dünyadan köçməyinizin bir ilinə az qalıb. Amma görün gündə nə qədər yada düşürsünüz, Musa müəllim! Sizin dilinizcə, sizin ürəyinizcə sevişən, bu sevgidən doğan burulğanlarda fəryad qoparan nə qədər insanın dərdinə dilmanclıq eləyirsiniz sirli-soraqlı poeziyanızla.
Bu yalan dünyada şair olmağın özü də şərtiymiş: şairlik yalanmış. Çılğın alqışından göylər silkələnən odlu kürsülərə haçansa həsrət qalmaq da varmış taledə, bir zaman şöhrət, qibtə zirvəsində unudulmaq da şairləri gözləyir. Amma Siz o şairlərdənsiniz ki, zaman keçsə də, dünya fırlansa da, insan dəyişsə də, quruluş başqasını əvəzləsə də, o, heç zaman unudulmayacaq, daim xatırlanacaqsınız! Əbədiyaşar şair kimi! Biz bu ötən ömrün naxışlarını göynəyə-göynəyə yada salacağıq.
Şairlərdən biri demişkən:
Bir gün həyatımda yellər qopacaq:
Həyat öz tağından salacaq məni.
Üstündə gəzdiyim bu ana torpaq
Bir gün də qoynuna alacaq məni.

Varlıq... Yoxluq... Zaman-zaman şairlər bu qütblər arasında ilham atını səyirdiblər. Bu da ölümün və həyatın bəşəriliyindən, bunların əbədiyyətə qədər baş götürüb gedən xislətindən irəli gələn haldır…

Şairin ruhuna hörmətlə;
Daşdəmir ƏJDƏROĞLU

YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ
YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ
YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ
YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ
YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ
YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ
YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ
YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ
YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ
YOXLUĞU HİSS OLUNMAYAN VƏ ŞEİRLƏRİNDƏ YAŞAYAN USTAD MUSA YAQUBUN 85 İLLİYİNƏ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR