ALLAH SİZƏ RƏHMƏT ELƏSİN, ŞİRVANIN DƏYƏRLİ ZİYALISI, SADİQ DOST! İldırım DƏMİRLİ - 75
SÖZÖNÜ: Bilməzdim ki, sizə təqdim etdiyim bu yazıdan cəmi 4 il sonra tanınmış jurnalist, istedadlı qələm sahibi, “İnsan və təbiət” qəzetinin redaktoru İldırım Dəmirli bizi bu gün tərk edəcək.
Bir neçə il əvvəl bir neçə dostla onun qonağı olmuşduq. İldırım müəllim özü ana kəndi Boydana gedib oradan yaxşı bir qoyun (quzu) gətirmiş, Sumqayıtın Cirat qəsəbəsinə yaxın bir məkanda bizə yaxşı qonaqlıq vermişdi. Sözləşmişdik ki, bu jesti biz də edək. İnandırım, bir neçə dəfə bu söhbət ortalığa gəldi, hər dəfə də bir hadisə sözümüzün ağası olmağa imkan vermədi. Qəzetimizin məsul katibi, İldırım müəllimin yaxın dostlarından biri Elçin müəllim bir dəfə sözarası dedi ki, gərək nə olursa-olsun bu qonaqlıq məsələsini həll edək, yoxsa...
Əziz dostlar, biz o qonaqlıq məsələsini həll edə bilmədik. Bu dəqiqələrdə belə özümüzü günahkar sayır və narahat hiss edirik. Nə etməli, Allahın buyruğu qarşısında çox acizik. Aciz olmayıb nə edəsiyik ki?
Həmin öçerkin aktuallığını nəzərə alıb yenidən dostların, İldırım müəllimi tanıyanların ixtiyarına buraxıram.
ALLAH SİZƏ RƏHMƏT ELƏSİN, ŞİRVANIN DƏYƏRLİ ZİYALISI, SADİQ DOST!
İldırım DƏMİRLİ - 75

Özünü təbiətin qoynunda hiss edən ziyalı
Sevimli həmkarımız İldırım Dəmirli ömrünün bu çağında da özünü gümrah və sağlam hiss edir
İnsan var onunla tanışlığına peşimanlıq çəkirsən. İnsan var onunla tanışlığından fəxarətlə danışırsan. İldırım Dəmirli təkcə mənim ölçülərimlə, ölçü meyarlarımla deyil, Azərbaycanda uzun əsrlər boyu milli-mənəvi dəyərlərimiz əsasında formalaşmış insani keyfiyyətlərə köklənmiş bir şəxsdir. Ömrünün ahıl çağında xeyirxah, nəcib işlərlə məşğul olması, əsl ağsaqqallığın tələblərinə riayət etməsi də İldırım müəllimin layiq olduğu hörmət və məhəbbəti daha da gözəlləşdirir. Jurnalist İ.Dəmirlini tanıdığım illərdən onun eyni təbli, eyni xasiyyətli, həmişə üzügülər, səmimi və saf bir insan olduğunun şahidiyəm. Elmdə öz təsdiqini tapmış bir kəlam var: «Hər kəs doğulduğu təbiətin məhsuludur»…
Elimizin ağsaqqal ziyalısı İldırım müəllim Azərbaycanın çox səfalı bölgələrindən olan İsmayıllı rayonunun qədim yaşayış məskənində anadan olub. Doğulduğu torpağa, doğma Azərbaycanımıza şərəf və vicdanla qulluq edən İ.Dəmirli ömrünün dəyərli illərini yaşamaqda, ətrafına öz nurunu yaymaqdadır. Ondan heç kim incik düşmür, insanlar onunla hər görüşdən məmnun olurlar.
İldırım Dəmirli 1942-ci il dekabrın 31-də İsmayıllının qədim Lahıc qəsəbəsində dünyaya göz açıb. Azərbaycana görkəmli alimləri, tarixi şəxsiyyətləri, fədakar insanları və zəhmət adamlarını bəxş edən bu torpaqda uşaqlıq dövrünü keçirən İldırım müəllim 1958-ci ildə İsmayıllı şəhərində orta təhsil alıb. İlk əmək fəaliyyətinə isə 1958-ci ilin sentyabrında gənclik şəhəri Sumqayıtda tikinti idarəsində fəhləlikdən başlayıb. 1963-cü ildə istehsalatdan ayrılmadan Sumqayıt Kimya texnologiya texnikumunu, 1969-cu ildə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1968-ci ilin yanvar ayından mətbuar sahəsində çalışır. Əvvəlcə “Kauçuk” qəzetində əməkdaş, 1972-ci ildən isə “Kimyaçı” qəzetində məsul katib vəzifələrində işləyib. 1986-1992-ci illərdə “Sosialist Sumqayıtı” qəzeti ilə əməkdaşlıq edib və “Mühərrir” kiçik müəssisəsində direktor müavini kimi fəaliyyətini davam etdirib.
1992-ci ildə “Azərbaycan kimyaçısı” qəzetində məsul katib, 2002-ci ildən bu qəzetin baş redaktoru vəzifələrində çalışıb. 2004-cü ilin mart ayında “Əsrin sədası” müstəqil ictimai-siyasi qəzetinin baş redaktoru təyin edilib, 2012-ci ilin yanvar ayından baş redaktorun birinci müavini kimi fəaliyyətini davam etdirib. Hazırda “İnsan və təbiət” qəzetinin redaktorudur.
1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 2012-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi olan İldırım Dəmirli “Qızıl qələm” media mükafatı laureatıdır.
İldırım müəllim doğulduğu Lahıc qəsəbəsi, uşaqlıq dövrlərini yaşadığı Basqal, Kəlfərəc, Tağlabiyan, qarış-qarış gəzdiyi İsmayıllının hər bir məkanı barədə müxtəlif vaxtlarda mətbuatda çıxış edib, özünün maraqlı yazıları və şeirləri ilə bu torpağın insanlarının qəlbini oxşayıb.
İldırım müəllim 75 yaşında da yaradıcılıqdan əl çəkməyib, şaqqıldayıb kükrəyən sözünün işığına hər kəsi toplaya bilir. O, sonsuz mərhəmətilə neçə illərdir özünün təsis etdiyi qəzeti şəxsi vəsaiti hesabına çap etdirərək – Sumqayıt, İsmayıllı, Ağsu. Şamaxı, Göyçayın sadə insanlarına, hətta Dağlıq Qarabağın ayrı guşələrindən gənclik şəhərində məskynlaşmış məcburi köçkünlərə və qaçqınlara pulsuz paylayır. Onun vətənə və elə bağlılığı burada və yazdığı yazılarda, «İnsan və təbiət» qəzetində çap olunan digər mövzularda özünü göstərməkdədir.
Özü Dağlıq Qarabağdan olmasa da, bu yurdu özünə həmişə doğma bilib. İstəyir ki, bu qədim yaşayış məskənlərindən erməni-rus işğalı nəticəsində ayrı düşmüş didərgin insanların hər gün böyük səbirsizliklə özlərinin ata-babalarının uyuduğu torpağa dönmək arzuları həyata keçsin. Elə ona görə rəhbərlik etdiyi qəzetin səhifələrində bu yurdun insanlarına da söz verməsi, arzu və istəklərinin yer alması İldırım müəllimin həqiqətən bu bölgəyə bağlılığını bir daha göstərir.
Belələri haqqında şair-publisist Hacı Mirhəsən Hadinin yazdığı misralar necə də yerinə düşür. O yazır:

Zamanda, dövranda şahlıq axtaran,
İlahi nurundan pay alacaqdır.
Yaşayıb kimsəyə həyan duran kəs,
Allah ruzusundan pay dadacaqdır.

Hz. Məhəmməd Peyğəmbər (ə) buyurmuşdur: “Danışığa başlayanda düz danışın, boş vədə verməyin, inamınız olsun, tərsinə iş görməyin, pak olun və nəfsdən uzaqlaşın”.
İldırım müəllim keçmiş sovetlər dönəmində, ömrünün gəncliyində biliyini, zəkasını, təcrübəsini məşğul olduğu hər sahəyə vicdanla sərf edib. Yaxşı yadımdadır, o dövrlərdə mən hələ İsmayıllı rayonunun Basqal kəndində yeniyetməlik dövrümü yaşayırdım. Sumqayıtın H.Z.Tağıyev (keçmiş Nasosnu) qəsəbəsində 7 övladı təkbaşına böyüdən bibim Humayın kəndə gələndə cızma-qaralarımı görəndən sonra deyirdi ki, bir yerlimiz Sumqayıtda jurnalist işləyir, adına İldırım deyirlər. O söyləyirdi ki, deyəsən Kəlfərəc kəndindəndir. İstər-istəməz məni maraq götürmüşdü. Adını eşitdiyim, amma üzünü görmək arzusunda olduğum bu insanla görüşmək, həmsöhbət olmaq keçirdi qəlbimdən. Öz-özlüyümdə beynimdən keçirirdim ki, görəsən bu arzum nə vaxt reallaşacaq? İş elə gətirdi ki, 1990-cı ilin yanvarında qara Yanvar hadisələri ilə bağlı kənddəki işimdən çıxdım, İsmayıllı ilə vidalaşmalı oldum. Üz tutdum hazırda yaşadığım Bakı şəhərinə. Bu illərdə milli mətbuatımızın qaranquşları olan qəzetlər təzəcə nəşr olunmağa başlayırdı. İşə düzəlmək çox çətin idi. İlk növbədə şəhərə qeydiyyat məsələsini həll etmək tələb edilirdi. Ona görə də mənim ilk və son ümid yerim olan bibimin yanına qaçdım. Onun köməkliyinə, himayəsinə böyük ehtiyacım var idi. Bibim Humayın öz evinə qeydiyyata düşməyimə razılıq verdi, amma qeydiyyat üçün lazım olan pul yox idi. Onda rəhmətlik anam lazımi məbləği mənə təcili çatdırdı, mən də qeydiyyata düşdüm. İlk məsələm həll olundu. Qalırdı işim. Bibim məsləhət gördü ki, gedək İldırım müəllimin yanına. Bəli, getdik, amma təsadüfən həmin gün İldırım müəllim işə çıxmamışdı. Məni isə qrup yoldaşım Bakıda gözləyirdi. Xalq Təsərrüfatı İnstitutunun “İqtisadiyyat” qəzetində baş redaktor işləyən qrup yoldaşım Şaiq Əsgərov burada iş təklifi etdi. Mən isə fikirləşib cavab verəcəyimi bildirdim. Elə oldu ki, bu vaxtlarda “Ədalət” qəzeti nəşr olunmaq üçün hazırlıq görürdü. Mən burada işləməyə dəvət almış gürcüstanlı qrup yoldaşım Rəşid Faxralının yanına gedib-gəlməyə başladım. Elə oldu ki, “İqtisadiyyat” qəzeti yaddan çıxdı. Mən də “Ədalət”də çalışmağa başladım. Bu barədə bir neçə il əvvəl yazmışam. Bu qəzetdə çalışsam da, İldırım müəllimi görmək, onunla görüşüb söhbət etmək istəyi məni tərk etmirdi. Beləcə günü günə, ili ilə calayaraq gəlib çatdıq “İsmayıllı xəbərləri” qəzetinin işıq üzü gördüyü məqama. Şair dostum, bu qəzetin baş redaktoru Şahməmməd Dağlaroğlu ilə çoxdan arzuladığım İldırım müəllimi birlikdə görəndə “təsadüf-zərurət” məsələsinin həqiqət olduğuna bir daha inandım. Və tanışlığımızı “Azərbaycan” nəşriyyatının birinci mərtəbəsində çay süfrəsi ətrafında davam etdirdik. İldırım müəllim də mənim Basqaldan və Əjdər kişinin oğlu olduğumu biləndə çox sevindi və dedi:
- Çox şadam ki, əziz yurdumun sevimli oğlusan, özü də yaradıcı övladı. Sənə uğurlar arzulayıram, ay eloğlu!
Bu şirin söhbətdən sonra özünü bəlkə də dünyanın xoşbəxt adamı sanırdım. Ona görə ki, çoxdan arzuladığım insanla bu gün “tetatet” görüşə bilmişdim. Buna görə Şahməmməd müəllimə və Təranə Cəbiyevaya minnətdarlıq etdim. Hə, beləcə o gündən başlayaraq bizim dostluğumuz davam etməyə başladı. İş elə gətirdi ki, İldırım müəllim bu qəzetdən aralanıb özünün “Əsrin sədası” qəzetinin hazırlayıb çap etməyə başladı. Bu qəzet İldırım müəllimlə dostluğumuzu daha da möhkəmləndirdi. Bakıya hər dəfə yolu düşəndə mənə baş çəkməmiş, bir ağsaqqal kimi hal-əhval tutmamış, məsləhətlərini verməmiş Sumqayıta dönmür. Mən də çalışıram ki, bu söhbətlərdən, məsləhətlərdən nəyisə əxz edim. O, yazıb-yaratmaq “eşqi”ndən hələ doymayıb, böyük həvəslə yaradıcılığını davam etdirməkdədir.
İldırım müəllimin ilin sonunda – Dünya Azərbaycanlılarının Həmrəylik Günündə 75 yaşı tamam olur. Bu günün bir rəmzi mənası var biz dostlar üçün. Həmişə yaşından və yaşadıqları məsafədən asılı olmayaraq bütün dostlarını ətrafına yığan, dostlarla görüşməyə can atan belə bir insanın həmrəyliyə, birliyə, vəhdətə çalışması elə həmin rəmzin özüdür. 75-i onun dostları, qohum-əqrəbaları və həmyerliləri, bir sözlə, onu sevənlər gözləyirlər. Arzu edərdik ki, İldırım Dəmirlini deyilən ətraflar səmimiyyətlə təbrik etsinlər, ona ən vacib olan – cansağlığı arzulasınlar.
Hz. Məhəmməd Əleyhissalam söyləyib: “Allah-Təalanın nəzərində ən yaxşı dost öz dostuna sadiq olan, ən yaxşı qonşu isə qonşusu ilə yaxşı dolanandır”. İ.Dəmirli Peyğəmbər kəlamına həmişə əməl edəndir. Öyrənməyə hər kəsin həmişə ehtiyacı var. Nəyisə öyrənməklə öyrətmə yoluna da üstünlük verilməlidir. İldırım müəllimin ömrünün öyrədən çağıdır, qoy o, öyrətməyi də unutmasın. O, 75 illik ömründə milli təəssübkeşliyi ilə də seçilib. Onun sağlam ziyalı mövqeyi hər yerdə özünü göstərib.
Əsl insan üçün ən xarakterik keyfiyyətlərdən biri məhz əzmlə işləmək, əldə olunan nəticələrlə arxayınlaşmamaq, bütün dövrlərdə cəmiyyətə fayda verməyə çalışmaqdır. Bu mənada 75 illik yubileyi tamam olan İldırım Dəmirlini həm də təşəbbüskar, yeniliklərə can atan, bədii yaradıcılıqdan ruh alan dəyərli jurnalistlərdən saymaq olar. Şair və jurnalist kimi də bu gün Vətəni, xalqı naminə yorulmadan çalışır, milli mətbuatımızın dirçəlməsinə, mütərəqqi ruhda inkişafına öz töhfəsini verir. İnanırıq ki, yaradıcılığa səmimi bağlı olan İldırım müəllim bundan sonrakı fəaliyyətində daha böyük zirvələri fəth edə biləcək.
Dünyanın hər üzünü görmüş, yaxşı, xoş məqamlarını, habelə ağrı-acılarını yaşamış, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş, dəyərli ədəbi-bədii yaradıcılıq töhfələri ilə geniş oxucu məhəbbəti qazanmış, mənalı və şərəfli ömür yolu keçmiş veteran jurnalist İ.Dəmirli tez-tez böyüyüb başa çatdığı İsmayıllıya, onun qədim yaşayış məskənlərinə gedib-gəlməyi xoşlayır. Özünü təbiətin qoynunda hiss edən İldırım müəllim düşüncələrini oxucuları ilə qəzetinin səhifələrində bölüşür, bizləri də bu təəssüratlara qonaq edir.
Ulu Tanrıdan diləyimiz budur ki, İldırım müəllim mənalı ömrünün 75 illiyini İsmayıllının hər bir guşəsində doğma el-obasının əhatəsində qeyd etsin.

Daşdəmir ƏJDƏROĞLU

Redaksiyadan. Qəzetimiz çapa gedən ərəfədə eşitdik ki, İldırım Dəmirli Azərbaycan KİVİ Həmkarlar Komitəsinin “Xalıqn nüfuzlu ziyalısı” diplomuna layiq görülmüş, Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin üzvü seçilmişdir. “Ədalət və Həqiqət” qəzeti olaraq biz də veteran jurnalist, milli mətbuatımızın cəfakeşlərindən biri olan İldırım Dəmirlini 75 illik yubileyi və mətbuatda çalışmasının 40 illiyi münasibətilə təbrik edir, ona cansağlığı və bundan sonrakı yaşamında firavanlıq arzulayırıq. Və onun yaradıcılığından bir neçə nümunəni təqdim edirik.

Basqalın
Başdan-başa yaranıbdır laləzar,
Gendir sinəsindən qəm, kədər, azar.
Şair vəcdə gəlib sinədən yazar,
Nə gözəldir ab-havası Basqalın.

Meşələr başına zümrüd tac qoyub,
Axar çaylar düzlərinə saç qoyub.
Yayda günəş daşlarına saç qoyub,
Əmrəkidir dik qalası Basqalın.

Bağlarının dadlı-dadlı barı var,
Buzbulağın iyulda da qarı var.
Qızlarının Leyli kimi qrı var,
Baldan şirin var halvası Basqalın.

Tarix boyu sinə gərib yadlara,
Oğlu, qızı layiq təmiz adlara.
Bağları düşübdür şipşirin bara,
Göz oxşayır hər talası Basqalın.

Bir zaman İldırım oxuyub burda,
Vurulub hüsnünə baharda, qarda.
Olmasın heç zaman çətində, darda,
Gəlsin daim xoş sədası Basqalın!
avqust, 1976-cı il



Jurnalist olmasaydım
Dünyanın gərdişin yaza bilməzdim,
Qəlbimdən keçəni yoza bilməzdim,
Mətbuat selində… üzə bilməzdim,
Jurnalist olmasaydım.

Bağlandım hər zaman dəftər-qələmə,
Gah sevincə batdım, gah da ələmə,
Bələd olammazdım belə aləmə,
Jurnalist olmasaydım.

Ulu dahilərdən bilik almazdım,
Ürəkdən-ürəyə körpü salmazdım,
Əlli il bu yolda qələm çalmazdım,
Jurnalist olmasaydım.

İllərlə eşqində yazdığım qızın,
Yaşatdım qəlbimdə o, gülər üzün,
Bu qədər müqəddəs sanmadım özün,
Jurnalist olmasaydım.

Torpağa bu qədər bağlı olmazdım,
Ürəyi yaralı… dağlı olmazdım,
Vətənin qeyrətli oğlu olmazdım,
Jurnalist olmasaydım
.

Son xəbərlər

Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?

“Crocus City Hall” terrorunda yaralananların sayı artdı

Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031