Güllə atıcılığı üzrə yarış təşkil edilib

Baxış Sayı:139

Güllə atıcılığı üzrə yarış təşkil edilibSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) tabeliyində olan “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin yaradılmasının doqquzuncu ildönümü münasibətilə şəxsi birincilik üzrə güllə atıcılığı yarışı təşkil edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, Cəmiyyətin atıcılıq kursunun 200-dək müdavimindən ən yüksək atış bacarığına malik 40-ı bir araya gələrək silahlarını ən sərrast atıcı adı uğrunda hədəfə tuşlayıb. Yarış kiçik çaplı silahdan istifadə edilməklə Mərkəzin 25 metrlik qapalı poliqonunda təşkil olunub.


Cəmiyyətin sədri Niyazi Eynalov yarışı açıq elan edərək, iştirakçılara uğurlar diləyib. Vurğulanıb ki, Prezident İlham Əliyevin siyasi mövqeyi, illərlə yorulmadan göstərdiyi gərgin fəaliyyəti və Azərbaycan Ordusunun gücü ilə 44 gündə ərazi bütövlüyümüz bərqərar edilib. O, yarışın qarşıya qoyulan məqsədə doğru daha bir addım olduğunu və bundan sonra da gənclərdə zəruri keyfiyyət və bacarıqları formalaşdırmaq üçün idmanın hərbi tətbiqi növünün inkişaf etdiriləcəyini söyləyib. Qeyd edilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimovun xüsusən hərbi vətənpərvərlik işinə verdiyi önəmdən irəli gələrək, hazırda ölkəmizdə Vətənini sevən, öz vətəndaşlıq vəzifələrini layiqincə anlayan, Vətənin müdafiəsinə hazırlıqlı çağırışçı gənclər ordusu yetişdirməkdə davam edir.

Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, şəhid və qazilərimizin döyüş şücaətlərindən söhbət açılıb.

Göstərilən nəticələr üzrə münsiflər heyətinin yekun qərarına əsasən yarışın baş mükafatı olan “Ən sərrast atıcı” fəxri diplomuna kursun müdavimi Cabir Əliyev layiq görülüb. Rəqiblərini önləyən Zəmanə Behbudova ikinci, Əmir Əliyev isə üçüncü yeri tutub. Onlar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonda çıxış edən Cəmiyyət sədri Niyazi Eynalov bildirib ki, yarışın nəticələri “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin atıcılıq kursunun müdavimlərinin təkcə mükəmməl atış bacarıqları ilə deyil, həm də səmimi və sağlam ünsiyyətləri ilə seçildiyini bir daha göstərdi.

Güllə atıcılığı üzrə yarış təşkil edilib
Güllə atıcılığı üzrə yarış təşkil edilib

Oxşar xəbərlər
SON XƏBƏRLƏR